Müsavatın növbədənkənar qurultayının keçirilməsi təklif olunub

Müsavatın növbədənkənar qurultayının keçirilməsi təklif olunub Müsavat Partiyasında qurultaydan sonrakı vəziyyəti təhlil etmək məqsədilə İşçi Qrupu yaradılıb
Daxili siyasət
8 Noyabr , 2014 19:43
Müsavatın növbədənkənar qurultayının keçirilməsi təklif olunub

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə görüş keçirib.

“Report”un məlumatına görə, Q.İbadoğlunun tərəfdarı, partiyanın Məclis üzvü Vurğun Əyyub deyib ki, qurultaydan narazılar Müsavatın taleyindən narahat olan insanlardır.
Onun sözlərinə görə, partiyada narazılara qarşı təhqir kampaniyası aparılır: “Sözümüzü həmişə açıq demişik, başqalarından fərqli olaraq, təhqir, böhtanla məşğul olmamışıq. Müsavatın yaradıcılarından olan Vurğun Əyyubu sonradan partiyaya gəlmiş şəxs qovmaqla hədələyir. Bu hərəkətlərinə son qoymalıdırlar”.
V.Əyyub qeyd edib ki, qurultayın legitimliyini tanımır: “Qurultaydan sonra Məclisə səlahiyyət verilməyib. Amma bunlar Divana seçkilər keçirirlər. Bu da nizamnamə pozuntusudur”.
Q.İbadoğlu çıxışı zamanı bildirib ki, görüşü təşkil etməkdə məqsəd partiyada birlik, barışıq yaratmaqdır: “Müsavatda münasibətlər gərginləşməli deyil. Hesab edirəm ki, partiya inkişaf etdirilməlidir. Bu yola necə başlamışıqsa, elə də davam edəcəyik. Partiyada qalıb, fəaliyyətimizi davam etdirmək əzmindəyik”.
Başqanlığa sabiq namizəd qeyd edib ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) təqdim edilən arayışa verilən rəydən görünür ki, MNTK arayışı araşdırmayıb. O bildirib ki, MNTK rəyin hazırlanması zamanı opponent mövqeyindən çıxış edib: “Onlar bizə hüquqi deyil, siyasi cavab veriblər. MNTK çox maraqlı faktları üzə çıxarıb. Burada açıq-aşkar görünür ki, qurultay nümayəndələrini kvota ilə müəyyən ediblər, bu da mərkəzdən idarə olunub. Belədirsə, deməli, nizamnamə qaydaları pozulub. Biz Müsavat Partiyasının nizamnaməəsasında idarə olunmasının tərəfdarıyıq. Təəssüflər olsun ki, qurultay sonra da partiyanın idarə olunmasında problemlər mövcuddur. Hazırda partiyada strukturlaşma göstərir ki, burada bir qrupun maraqları təmin olunur. Bu da partiyanın inkişafına əngəl olur”.
Q.İbadoğlu partiyadakı gərginliyi həll etmək üçün İşçi Qrupunun yaradılmasının vacibliyini vurğulayıb: “Fraksiya yaratmaq niyyətində deyilik. Yaradılan istənilən fraksiya bir qrupun maraqlarına cavab verəcək. Biz qrupbazlıqla məşğul olmayacağıq. Fraksiyanın pis nümunəsini Azərbaycan Xalq Cəbhəsində (AXC) görmüşük. Ona görə də onu Müsavat partiyasına tətbiq etmək niyətində deyilik. Amma bu məsələ diqqət mərkəzindədir. Fraksiya yaradılsa belə, qrup maraqlarına deyil, ideoloji maraqlara cavab verəcək. Biz çoxluğun maraqlarını əsas götürürük. Düşünürəm ki, partiyada mövcud durumla bağlı İşçi Qrupunun yaradılması vacibdir. Həmin qrupda istənilən partiya üzvü təmsil oluna bilər”.
Başqanlığa digər sabiq namizəd Səxavət Əlisoy partiyada qurultaydan sonra baş verənlərə görə Arif Hacılını ittiham edib: “Partiya rəhbərliyi bizə qarşı sosial şəbəkələrdə kampaniya aparırlar. Ziyalıları təhqir edirlər, onların başında Arif Hacılı dayanır. Qardaşlarının vasitəsilə bunu həyata keçirir. Kim Arif Hacılıya tabe olmur, onu hədəfə alırlar. Bunlara qarşı mübarizə aparmaq lazımdır, buna görə də Müsavatda fraksiya yaradılmalıdır”.
Partiyanın Məclis üzvü Rüfət Əliyev isə çıxışı zamanı deyib ki, növbədənkənar qurultayın keçirilməsi vacibdir: “Narazıları bir araya gətirmək lazımdır. Bunun adı fraksiya da ola bilər. Bundan sonrakı mərhələdə isə imza toplayaq, növbədənkənar qurultayın keçirilməsini tələb edək”.
Tədbirdə çıxış edənlərin bəziləri də növbədənkənar qurultayın keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Sonda Müsavat Partiyasındakı mövcud vəziyyətin təhlil edilməsi üçün İşçi Qrupu yaradılıb. İşçi Qrupunun formalaşdırılması üçün Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslıya səlahiyyət verilib.

Son xəbərlər

Orphus sistemi