​Müsavat rəhbərliyi Vurğun Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib

​Müsavat rəhbərliyi Vurğun Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib "Kimsə Vurğun Əyyuba “Biz də səni tanımırıq” deməli idi"
Daxili siyasət
4 May , 2015 14:29
​Müsavat rəhbərliyi Vurğun Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib

Bakı. 4 may. REPORT.AZ/ Müsavat Partiyasının rəhbərliyi Vurğun Əyyubun partiyadan xaric edilməsinə münasibət bildirib.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, partiya rəhbərliyinin ünvanına deyilən “Vurğun Əyyubu sifariş əsasında çıxarıblar” iddiaları əsassızdır. Onun sözlərinə görə, Vurğun Əyyub Müsavat Partiyasından seçkili orqanları qeyri-legitim hesab etdiyi üçün xaric olunub: “Müsavat Partiyasında bütün məsələlər Nizamnamə çərçivəsində həll edilir. Partiyanın VIII qurultayından sonra Vurğun Əyyub dəfələrlə Müsavat Partiyasının seçilmiş orqanlarını-başqanını, Divanını, Məclisini, Mərkəzi Nəzarət-Təftiş Komissiyasını tanımadığını bildirirdi. Bunu heç gizlətmir, hər yerdə də deyir. İndi məlum olur ki, o, üzvü olduğu rayon təşkilatını da, özəyini də tanımır. Belə olan halda kimsə ona “Biz də səni tanımırıq” deməli idi. Bu, Nizamnamənin tələbi idi. Vurğun Əyyubla bağlı qərar verən özək bu məsələni partiya rəhbərliyi ilə müzakirə etməyib. Bundan əvvəl də bu məsələ özəkdə qaldırılıb, rayon təşkilatı onun xaric olumasını bir qədər təxirə salıb. İndi isə özək bu məsələni, sadəcə, rəsmiləşdirib. Kimsə partiyanın strukturlarını tanımayacaqsa, təbii ki, o, özünü partiyadan kənarda qoymuş olacaq”.

G.Aslanlı professor Adil Qeybullanın Müsavat Partiyasından istefa verməsinə də münasibət bildirib: “Adil Qeybullanın Müsavatdan çıxarılması məsələsi heç vaxt partiyada müzakirə olunmayıb. Adil bəy özünün əsassız iddialarına görə belə qərar verib. Bu, Adil Qeybullanın Müsavat Partiyasından ikinci istefasıdır. Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Böhtan, şər atmaq olmaz”.

Xatırladaq ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin sonuncu toplantısında Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərar qəbul edilib. Müsavat Divanının keçmiş üzvü professor Adil Qeybulla da buna etiraz olaraq, partiya sıralarından istefa verib.

Son xəbərlər

Orphus sistemi