​Qubad İbadoğlu: "Müsavat rəhbərliyinin ABŞ-a səfərimlə bağlı açıqlamaları qısqanclıqdan irəli gəlir"

​Qubad İbadoğlu: "Müsavat rəhbərliyinin ABŞ-a səfərimlə bağlı açıqlamaları qısqanclıqdan irəli gəlir" "Təəssüflər olsun ki, Müsavat bu şansı dəyərləndirə bilmədi"
Daxili siyasət
17 Mart , 2015 17:00
​Qubad İbadoğlu: Müsavat rəhbərliyinin ABŞ-a səfərimlə bağlı açıqlamaları qısqanclıqdan irəli gəlir

Bakı. 17 mart. REPORT.AZ/ "Müsavat Partiyası rəhbərliyinin ABŞ-a səfərimlə bağlı açıqlamaları məni təəccübləndirmir. Çünki bu, qısqanclıqdan irəli gəlir". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasından kənarlaşdırılan başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

ADR sədri Müsavat Partiyasında fəaliyyət göstərdiyi vaxtlarda da belə səfərlərə getdiyini xatırladıb: "O zamanlar hər səfərim barədə məlumatları Divanın iclaslarında hamılıqla dinləyib alqışlayırdılar və mənim həmin səfərlərdə müsavatçı kimi iştirak etməyimin partiyanın nüfuzuna müsbət təsirlərindən ağız dolusu danışırdılar. Mənə səfərlə bağlı dəvət bu ilin əvvəlində gəlib. Əgər Müsavat başqanı olaraq belə dəvət alsaydım, yenə də fərdi deyil, kollegial müzakirəyə üstünlük verərək yekun qərarımı verəcəkdim. Amma təəssüflər olsun ki, Müsavat bu şansı dəyərləndirə bilmədi. Ən azı 46 faiz səs toplamış başqanlığa namizədi 4 aydan sona nəinki nizamnaməni, hətta demokratiyanın təməl prinsiplərini pozaraq partiyadan uzaqlaşdırdılar. Bu qərarı verənlər nə onun indiki dövrdə, nə də tarix qarşısındakı məsuliyyətini dərk edə bilmədilər".

Q.İbadoğlu deyib ki, onun Müsavatdan uzaqlaşdırılması faktı partiya haqqında anti-demokratik idarəçilik fikrinin formalaşdırılmasına kifayət edir: "Təəssüflər olsun ki, Müsavatda anti-demokratik idarəçilik yalnız mənim partiyadan uzaqlaşdırılmağımla bitmədi. Bundan sonra partiya rəhbərliyinə ünvanlanan bir çox müraciətlərə də baxılmadı. Müsavatçı ziyalıların müraciəti də bu qəbildəndir. Onlara minnətdaram ki, zamanında ortalığa mövqe qoydular".

O, seçkilər öncəsi ABŞ səfərinin rəhbərlik etdiyi hərəkatın fəaliyyətində durğunluq yaradacağı ilə bağlı deyilənlərə də münasibət bildirib: "ABŞ-a səfərim Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətində geniş müzakirə edildikdən və bununla bağlı yekdil razılaşma olduqdan sonra reallaşdırıldı. Həqiqətən mənim də tərəddüdlərim var idi. Həm məsləhətləşdiyim dostlar, həm də hərəkat yoldaşlarım bu səfərin vacibliyini əsas götürdülər. Hazırda dəvəti qəbul edib gəlməyimə peşman deyiləm. Hesab edirəm ki, bu səfər proqramı çox zəngindir və mənim üçün bir siyasətçi kimi çox faydalı olacaq. Çünki müasir siyasət çox dinamikdir. Onu illərlə eyni çərçivədə qalmaqla mənimsəmək mümkün deyil, mütləq yeni fikirlərin, ideyaların səsləndirildiyi, biliklərin paylaşıldığı mühitdə də olmalısan. Hər şeyi oxumaqla və televiziyadan izləməklə öyrənmək olmur. Mənim burda iştirak etdiyim kifayət qədər mətbuata qapalı müzakirələr var. Onun qaydalarına görə fikirlərimizi biz öz aramızda paylaşırıq və ortaq mövqelər formalaşdırırıq. Vaşinqtonda keçirilən tədbirlərdə Azərbaycanla bağlı həqiqətləri, Qarabağın azadlığı üçün ölkəmin haqq səsini çatdırmaq imkanlarım var. Bununla yanaşı, hazırkı sosial-iqtisadi durum və siyasi perspektivlərə dair müzakirələrdə mövqeyimi təqdim edə bilirəm. Bu istiqamətdə ADR Hərəkatının planlarını açıqlamaq və təmsil etdiyim təşkilatı tanıtmaq əlavə qazanclardan sayıla bilər. Bu proqrama hər il dünya üzrə 5-6 nəfər dəvət alır. Onlardan biri olmaq da hər adama nəsib olmur. Düşünürəm, səfərin ADR Hərəkatının güclənməsinə də töhfəsi olacaq. Hərəkat üzvləri ilə əlaqələrimi davam etdirir və müzakirələrə qatılıram. Hazırda strukturlaşma ilə bağlı müzakirələr aparırıq və tezliklə formalaşan strukturlar işimizin daha da sürətlənməsinə təkan verəcək. Çalışıram ki, Azərbaycanda işlərimiz axsamasın, qaydasında olsun".

ADR sədri Azərbaycanda keçirilən son mitinqlə də bağlı fikirlərini açıqlayıb: "Hesab edirəm ki, son zamanlar sosial-iqtisadi sahədə baş verənlərə etiraz etməyin müxtəlif üsullarından cəmiyyət və onun aparıcı qüvvələri istifadə etməldir. Biz Hərəkat olaraq bu mövzuda ekspert müzakirəsi keçirdik, manatın ucuzlaşmasının təsirlərini və gözlənilən nəticələri mütəxəssislərin iştirakı ilə müzakirə etdik. Bu, bir yanaşmadır. Digər yanaşma da Milli Şuranın yanaşmasıdır və onu da normal hesab edirəm. Mitinqin mövzusu aktualdır, onun çağrılmasına da müsbət yanaşıram. Fikrimcə, indiki şərtlərlə mitinq iştirakçılarının sayı da məqbul olub. Sadəcə, mən gözləyirdim ki, bu mitinqdə format fərqli olacaq. Əvvəlkilər kimi, siyasilər yalnız şüar deməyəcək. Bir neçə nəfər, işsiz, işi olub, aşağı əmək haqqı alanlar öz dolanışığının pisləşməsini həyati misallarla təqdim edəcəklər. Sonra söz peşəkar iqtisadçılara və hüquqşünaslara veriləcək. Onlar xalqa izah edəcəklər ki, nə baş verir və onun sonrası necə ola bilər? Sonra isə hökumətin qarşısında tələblər qoyulacaq, çıxış yolları üçün təkliflər səsləndiriləcək. Bu format əvvəlkindən fərqli olardı və bundan sonrakı mitinqə də marağı artırardı. Yoxsa eyni simalar eyni şeyləri təkrarlamaqla meydana əlavə qüvvələr cəlb edə bilməyəcəklər".

Son xəbərlər

Orphus sistemi