​Müsavat Partiyasının ümumrespublika müşavirəsində ciddi mübahisə düşüb

​Müsavat Partiyasının ümumrespublika müşavirəsində ciddi mübahisə düşüb Qubad İbadoğlunun tərəfdarlarının ünvanına “Ar olsun!” şüarları səsləndirilib
Daxili siyasət
23 Noyabr , 2014 17:40
​Müsavat Partiyasının ümumrespublika müşavirəsində ciddi mübahisə düşüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası ümumrespublika müşavirəsi keçirib. “Report”un məlumatına görə, tədbirdə çıxış edən partiya başqanı Arif Hacılı qurultaydan sonra keçirilən zona müşavirələri barədə danışıb. Müsavat başqanı qurultaydan sonrakı vəziyyətlə bağlı danışarkən isə qeyd edib ki, qurultaydan narazı qalanlar prosesləri patiya daxilində deyil, kənarda müzakirə edirlər: “Biz hesab edirik ki, seçki prosesi şəffaf keçib. Bəzi şəxslər partiya qurultayının saxta keçirildiyini iddia edirlər. Partiya başqanlığına sabiq namizəd Səxavət Əlisoy deyir ki, seçkilər saxta keçirilib, mətbuata da bu cür açıqlama verib. Düşünürəm ki, partiyaya qarşı atılan addımlar durdurulmalıdır”.

A.Hacılı başqanlığa sabiq namizəd Qubad İbadoğlunun MNTK-ya təqdim etdiyi arayışa da toxunub: “Burada qeyd olunub ki, guya Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində (QHTK) Arif Hacılının tərəfdarları çoxluq təşkil edib. QHTK-da bir çox məsələlər konsensus yolu ilə həll edilib. Təşkilat Komitəsinin üzvləri seçilərkən mən həbsxanada olmuşam, bu, mümkün deyildi”.

O, çıxışı zamanı proseslərdən geri çəkilməyəcəyini də qeyd edib: “Kimlərsə, düşünməsin ki, nədənsə qorxuram. Qorxusuz adamam, bunu həyatım boyu dəfələrlə sübut etmişəm”.

Müsavat başqanı vurğulayıb ki, partiyanın bəzi üzvləri onun ünvanına çox ciddi təhqirlər səsləndirirlər: “Məni Adolf Hitlerə də bənzədirlər. Amma onu deyənlərə cəza verilməyib. Paritayının ağsaqqal üzvlərinə qarşı təhqirləri isə cəzasız qoymaq olmaz. Səxavət Əlisoy da bu cür işlərə görə partiyadan xaric edildi. Bilirəm ki, mənim başqanlığımı müxtəlif səbəblərdən qəbul etməyənlər var. Bu, o demək deyil ki, qarşıdurma yaratmaq lazımdır”.

Çıxış edən partiya başqanının müavini Elman Fəttah deyib ki, partiyada qurultay gününə qədər heç bir narazılıq olmayıb.

Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı bildirib ki, partiya daxilində qarşıdurmaların baş verməsi təəssüfedicidir. O deyib ki, mübarizə partiya daxilində olmamalıdır: “Bütün problemlərin danışıqlar yolu ilə həllinə tərəfdaram. Narazıları, hətta nizamnamə tələblərini pozanları da partiyadan qovmaq olmaz”.

Başqanlığa sabiq namizəd Qubad İbadoğlu çıxışı zamanı deyib ki, Müsavat Partiyasının idarə olunması yenilənməlidir: “Qurultaydan əvvəlki Müsavat yoxdur”. Onun sözlərinə görə, partiya qurultayı sınaq üçün şərait yaradıb: “İndiki dövrdə partiyada şəffaf idarəçiliyin tərəfdarıyıq, partiya keçid dövrünü yaşayır. Qurultay partiya daxilində demokratiyanın olmadığını aşkara çıxardı. Dəfələrlə demişəm ki, gənclərlə məsləhətələşmək lazımdır. Təəssüflər olsun ki, bu olmadı. İdarəetmədə aqressiya ortaya çıxdı, bir sıra müsavatçılar partiyadan kənarlaşdırıldı. Burada qərarlar birtərəfli qəbul olunur”.

Q.İbadoğlu rayon təşkilatları tərəfindən qəbul edilən bəyanatların partiyanın parçalanmasına rəvac verdiyini qeyd edib: “O bəyanatlar partiyanı parçalayır. Bəyanatları imzalayanlar bunu bilməlidir. İstefa verənləri xəyanətkar adlandırmaq olmaz. Bu proseslərə Arif Hacılının qardaşları da qoşuldu. Onun qardaşları “facebook” sosial şəbəkəsində əleyhimə xeyli ittiham səsləndirib. MNTK sədri Sevinc Hüseynova da bizə qarşı qərəzli davranır. Bir daha deyirəm, Arif Hacılı İsa Qəmbər deyil, o, partiyanı İsa Qəmbər kimi idarə edə bilməyəcək”.

Başqanlığa sabiq namizəd barışıq təkliflər paketini də irəli sürüb: “MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın, partiyadan çıxarılanlar Müsavata qaytarılsın və partiya nizamnaməsini nəzərə alaraq, növbədənkənar qurultay çağırılsın”.

Partiyanın Məclis üzvü İkram İsrafil çıxışında Qubad İbadoğlunun tərəfdalarına iradlarını bildirib. O deyib ki, bəzi şəxslərin sosial şəbəkələrdə partiya rəhbərliyini, sabiq başqan İsa Qəmbəri ittiham etməsi doğru deyil: “Partiyadan xaric edilən sosial şəbəkədə İsa Qəmbərə qarşı ağır ittihamlar yazıb. O statusu da Ellada Məmmədli bəyənib. Bu nə deməkdir?!”.

Bu zaman zaldan Məhəbbət Muradovun və Ellada Məmmədlinin ünvanına “Ar olsun” şüarları səsləndirilib.

Tural Abbaslı zaldakı şəxslərin bu addımına etiraz edib. O, “Ar olsun” şüarlarını səsləndirənlərlə bağlı MNTK-nın tədbir görməsini tələb edib.

Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya rəhbərliyinə suallar ünvanlayıb: “Nə istəyirsiz, istəyirsiz ki, partiyadan gedək? Bizi niyə hədələyirsiniz? Ömrümüzü Müsavat Partiyasına həsr etmişik, belə insanlara qarşı mübarizə aparmaq olmaz”.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər isə qeyd edib ki, Müsavat Partiyasının hədəfləri var, onlardan biri də bələdiyyə seçkiləridir.

İ.Qəmbər partiya daxilində paralel struktur yaratmaq istəyənlərə qarşı cəza tədbirlərinin görüləcəyini vurğulayıb: “Qurultay keçirilib, narazılığın varsa, bir dəfə ifadə etdin, bitdi. Əgər kimlərsə paralel strukturlar yaratmaq istəyirlərsə, qeyri-legitim hesab etdikləri partiya strukturları onları nizamnamə çərçivəsində cəzalandıracaq. Partiya cəzalarından kimsə sığortalanmayıb. Məsələ bu qədər bəsitdir. Növbədənkənar qurultay keçirilməsi üçün imza toplaya bilərsiz. Amma bu proses nizamnamə çərçivəsindən kənara çıxacaqsa, tədbir görüləcək". Sabiq başqan Arif Hacılını dəstəkləməsi ilə bağlı iddialara da münasibət bildirib: “Arif Hacılını dəstəkləsəydim, ən azı 350 səs toplayardı. Bəsdirin, bu məsələdə ağını çıxardınız".

Son xəbərlər

Orphus sistemi