Müsavat Partiyası iqtidarın siyasi partiyalarla təmasını müsbət dəyərləndirib

Müsavat Partiyası iqtidarın siyasi partiyalarla təmasını müsbət dəyərləndirib Partiya iqtidar və müxalifət arasında keçiriləcək görüşlə bağlı qərar qəbul edib
Daxili siyasət
11 Fevral , 2015 14:31
Müsavat Partiyası iqtidarın siyasi partiyalarla təmasını müsbət dəyərləndirib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında fevralın 12-də növbəti görüşdə Müsavat Partiyası iştirak etməyəcək.

Partiyadan "Report"a verilən məlumatda bildirilib ki, Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir.

Məlumatda qeyd olunub ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir: "Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil. Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək görüşdə iştirak etməyəcək".

"Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllər də açıqladığı mövqeyə sadiq olduğunu bəyan edir. Partiya müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyələnləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır" - deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, iqtidarla müxalifət partiyaları arasında ilk görüş 2014-cü il dekabrın 13-də keçirilib.

Son xəbərlər

Orphus sistemi