Müsavat Partiyası da sentyabrın 24-də mitinq keçirməyəcək

Müsavat Partiyası da sentyabrın 24-də mitinq keçirməyəcək Müsavat başqanının müavini: "Hazırki mitinqlər hakimiyyəti islahatlara sövq etməyə yetmir"
Daxili siyasət
20 Sentyabr , 2016 18:15
Müsavat Partiyası da sentyabrın 24-də mitinq keçirməyəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Gərək Milli Şura mitinqlə bağlı qərarını bir qədər tez elan edərdi. Bu zaman Müsavat Partiyası da mitinq keçirib-keçirməməklə bağlı seçim etmiş olardı".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov deyib.

O xatırladıb ki, hələ avqustun sonundan Müsavat Partiyası sentyabrın 18-də və 24-də mitinq keçirməyi planlaşdırır: "Sonradan bəlli oldu ki, Milli Şura sentyabrın 24-də mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Belə olan halda, qarışıqlıq yarnmasın deyə, Müsavat Partiyası Milli Şuranın keçirəcəyi mitinqi dəstəkləməyi üstün tutdu. Belə də etdik. Düzdür, Milli Şura sentyabrın 11-də keçirdiyi mitinqdə növbəti aksiyanın sentyabrın 17-də keçirələcəyini elan etmişdi. Amma sentyabrın 17-də keçirdiyi mitinqdə növbəti aksiyanın sentyabrın 24-də keçiriləcəyini anons etmədi. Bu, müəyyən qədər şübhə yaratdı ki, niyə növbəti mitinqlə bağlı elan vermədilər? Amma bununla bərabər mitinq keçirməyəcəklərini də bildirməlidirlər. Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı müraciəti ola-ola biz də həmin gün üçün müraciət edə bilməzdik. Çünki mitinqlərin keçirilməsinə razılıq verilməyə bilərdi. Sonra bəlli oldu ki, Milli Şura mitinq keçirmək istəmir. Artıq Müsavat Partiyası da mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edə bilməzdi, çünki müraciət üçün son müddət sentyabrın 19-da bitirdi. Mitinqin keçirilməməsini faciəli hesab etmirəm. Amma insanlar narazılıq edirlər, ona görə də mitinq keçirməyə dəyərdi. Milli Şuranın mitinqlə bağlı mövqeyinə sonuncu mitinqdə həbslərin olması, maliyyə çatışmazlığı təsir edə bilər. İnanmıram ki, Milli Şura Müsavat Partiyasının başqanı Arif Hacılının aksiya ilə çağırışına görə bu addımı atıb".

Y.Sadıqov qeyd edib ki, hazırki mitinqlər hakimiyyəti islahatlara sövq etməyə yetmir: "Onsuz da sentyabrın 24-də keçirilməsi planlaşdırılan mitinqdən böyük gözləntim yox idi".

Son xəbərlər

Orphus sistemi