​Müsavat başqanlığına sabiq namizəd: "Ellada Məmmədli partiyadan rəhbərliyin sifarişi ilə xaric edilib"

​Müsavat başqanlığına sabiq namizəd: "Ellada Məmmədli partiyadan rəhbərliyin sifarişi ilə xaric edilib" "Hazırda Müsavat Partiyasında qrup maraqları önə çəkilir"
Daxili siyasət
18 May , 2015 10:58
​Müsavat başqanlığına sabiq namizəd: Ellada Məmmədli partiyadan rəhbərliyin sifarişi ilə xaric edilib

Bakı. 18 may. REPORT.AZ/ "Xətai rayon təşkilatı Ellada Məmmədlinin partiyadan xaric edilməsi barədə qərarını Müsavat rəhbərliyinin sifarişi əsasında qəbul edib. Burada Nizamnamə və partiyanın ümumi maraqları nəzərə alınmayıb".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.

Onun sözlərinə görə, E.Məmmədlinin Müsavat Partiyasından xaric edilməsi qurultaydan sonra davam edən qarşıdurmanı daha da dərinləşdirəcək: "Rayon təşkilatının belə bir qərar verməsi gərginliyin yaranması istiqamətində yeni cəbhə açacaq. Ellada xanım sıravi üzv deyil, Qadınlar Birliyinin sədri idi. Qadınlar Birliyi partiya Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən strukturlardan sayılırdı. Ellada Məmmədlini çıxarmaqla partiyanın işlək olan bir qurumunu iflic vəziyyətə saldılar. Belə bir addımın atılması yanlış idi".

T.Abbaslı qeyd edib ki, hazırda Müsavat Partiyasında qrup maraqları önə çəkilir: "Ötən həftə partiya Divanı Suraxanı rayon təşkilatının sədrini və üzvünü Müsavatdan xaric etdilər. Bundan əlavə, onların yaratdıqları Konfransa Hazırlıq üzrə Təşkilat Komitəsini də buraxıb, yenisini yaradıblar. Axı, bu nə deməkdir? Buraxılan təşkilat komitəsini Suraxanı təşkilatının Şurası səsvermə ilə yaratmışdı. Divanın belə bir addım atması sübut edir ki, Müsavatda əsas qrup maraqlarıdır. Onlar yeni təşkilat komitəsinə Arif Hacılıya yaxın şəxslərin adlarını salıblar. Belə davam edərsə, partiyada vəziyyət daha da gərginləşəcək".

Qeyd edək ki, Müsavat Partiyası Xətai rayon təşkilatının Şura iclasında E.Məmmədlinin partiyadakı fəaliyyəti müzakirə edilib. O, partiya rəhbərliyinə qarşı addımlar atmaqda, Nizamnamə qaydalarını pozmaqda, Müsavatdakı istefaları təşkil etməkdə günahlandırılaraq Şuranın qərarı ilə partiya sıralarından xaric edilib.

Son xəbərlər

Orphus sistemi