MSK "Sovetski"dən köçürülən seçicilərin parlament seçkisində necə səs verəcəyinə aydınlıq gətirib

MSK "Sovetski"dən köçürülən seçicilərin parlament seçkisində necə səs verəcəyinə aydınlıq gətirib Natiq Məmmədov: "Köçürülən sakinlər yeni məskunlaşdıqları ərazi üzrə seçici siyahısına daxil edilirlər"
Daxili siyasət
14 Aprel , 2015 14:48
MSK Sovetskidən köçürülən seçicilərin parlament seçkisində necə səs verəcəyinə aydınlıq gətirib

Bakı. 14 aprel. REPORT.AZ/ "Bakıda aparılan abadlıq və quruculuq işləri çərçivəsində köçürülən "Sovetski" məhəlləsi sakinlərinin payızda keçiriləcək parlament seçkisində səs vermələri təmin olunacaq". Bunu "Report"a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, köçürülən sakinlər yeni məskunlaşdıqları ərazi üzrə seçici siyahısına daxil edilirlər: "Bu proses gedir. Burada heç bir problem yoxdur. Köçürülən sakinlər kənarda qala bilməz, mütləq məskunlaşdıqları seçki dairəsi üzrə siyahıya alınırlar.

Azərbaycan o ölkələrdəndir ki, səsvermə günü də seçiciyə səsvermə hüququ verir. Yəni, əgər hansısa şəxsin adı seçici siyahısına daxil edilməyibsə, o, məhkəməyə getmir, təsdiqedici faktlarla onun səsvermə hüququ həyata keçirilir. İstər söküntü, istər köçürmə, istərsə də bu və ya digər səbəbdən kiminsə adı siyahıda yoxdursa, onun səsvermə günü belə, səsvermə hüququnun tanınması mümkündür. Narahatlığa əsas yoxdur. Bunu beynəlxalq qurumlar da, ictimaiyyət də qəbul edib".

N.Məmmədov bu məsələdə seçicilərin aktiv olmasını tövsiyə edib: "Seçici siyahılarını MSK-nın internet saytında yerləşdirmişik, hər kəs buradan öz adının olub-olmamasını yoxlaya, düzəlişə ehtiyac olan məlumat varsa, müraciət edə bilər. MSK bu məsələni diqqətdə saxlayır. Ümumiyyətlə, Azərbaycanda siyahıya düşməyən şəxsin səsvermə imkanlarının məhdud olmasından söhbət gedə bilməz". 

Köçürülən sakinlərin əksər hissəsi 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisinə düşür. 

Son xəbərlər

Orphus sistemi