MSK Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə almayıb

MSK Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə almayıb Təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etməyib
Daxili siyasət
27 Avqust , 2016 14:19
MSK Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə almayıb

 Bakı. 27 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşviqat qrupunun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, MSK bununla bağlı araşdırma aparıb: “Məlum olub ki, təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etmir”. 

İclasda iştirak edən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, avqustun 26-da MSK ilə əlaqə saxlayıb və ona imzaların etibarlılığında heç bir problemin olmadığını deyiblər: “İndi bu cür qərarın verilməsi normal deyil. Heç bizə bununla bağlı rəy də təqdim olunmayıb. Bütün bunlar siyasi qərardır”.

MSK sədri Məzahir Pənahov isə deyib ki, seçici imzaları dəqiq yoxlanılır, burada kiməsə fərq qoyulmur: “Amma seçici imzalarının yoxlanılmasının başa çatması ilə bağlı məlumat verilməli idi. Niyə məlumat verilməsin ki?! Burada gizli nə var? Bütün hallarda düşünürəm ki, imzaların yoxlanılması şəffaf şəkildə aparılıb”.

Müzakirələrin yekununda "Respublika" təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə almayıb.

Qeyd edək ki, “Respublika” təşviqat qrupunun imzatoplama kampaniyasında “D18” Hərəkatı da iştirak edib. Ümumilikdə, 41 128 imza toplanıb.

Son xəbərlər

Orphus sistemi