MSK dairə seçki komissiyalarından daxil olan 5 müraciətdən 4-nü əsassız sayıb

MSK dairə seçki komissiyalarından daxil olan 5 müraciətdən 4-nü əsassız sayıb Mərkəzi Seçki Komissiyası iclas keçirib
Daxili siyasət
26 Sentyabr , 2015 17:20
MSK dairə seçki komissiyalarından daxil olan 5 müraciətdən 4-nü əsassız sayıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında quruma daxil olan müraciətlərə baxıb.

"Report" xəbər verir ki, MSK katibi Arifə Muxtarova 40 saylı Kəpəz İkinci Seçki Dairəsində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Elnur Eyvazovun deputatlığa namizədliyinin müvafiq Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya şikayət etdiyini bildirib.

A. Muxtarova qeyd edib ki, MSK-nın İşçi Qrupu tərəfindən aparılmış araşdırma zamanı E.Eyvazovun təqdim etdiyi imza vərəqələrində 493 imza təqdim etdiyi, 466 imzanın etibarlı sayıldığı üzə çıxıb. A.Muxtarova 466 imzanın E.Eyvazovun deputatlığa namizədliyinin qeydə alınması üçün yetərli olduğunu bildirib. Məsələ səsverməyə çıxarılıb və 40 saylı Kəpəz İkinci Dairə Seçki Komissiyasının qərarının ləğv edilməsi, E.Eyvazovun namizədliyinin qeydə alınması barədə qərar qəbul edilib.

Həmçinin MSK 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş İsmayıl Ağayevin, 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Günel Səfərovanın, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsinə öz təşəbbüsü ilə namizədliyini irəli sürən Kəramət Salayevin namizədliyinin qeydə alınması barədə qərar verərək, DSK-ların qərarını ləğv edib.

İclasda 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ənvər Ağazadənin isə qeydə alınmaması barədə DSK-nın qərarı qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi