​Milli Məcisdə ölkədəki məişət zorakılığı məsələsi müzakirə olunub

​Milli Məcisdə ölkədəki məişət zorakılığı məsələsi müzakirə olunub Fazil Mustafa: "Biz təcili bu vəziyyətdən çıxış yolunu tapmalıyıq"
Daxili siyasət
16 Dekabr , 2014 12:44
​Milli Məcisdə ölkədəki məişət zorakılığı məsələsi müzakirə olunub

Fazil Mustafa: "Biz təcili bu vəziyyətdən çıxış yolunu tapmalıyıq"

Bakı. 16 dekabr. REPORT.AZ/ Millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında son vaxtlar ölkədə artan məişət zorakılığı ilə bağlı çıxış edib. "Report"un xəbərinə görə, millət vəkili qeyd edib ki, bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır: “Ailə üzvləri bir-birini qırır, oğul anasını, qayınana gəlinini, nəvəsini öldürür. Biz təcili bu vəziyyətdən çıxış yolunu tapmalıyıq. Azərbaycanda bu işlərə nəzarət edən dövlət komitəsi var. Bəlkə bu komitənin – Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılsın. Bundan başqa, sahə müvəkkilli institu yenidən qurulmalıdır və fərqli formada dirçəlməlidir. Sahə müvəkkiləri vəzifəsinə ən aşağı rütbəli şəxslər təyin olunur. Eyni zamanda, onların maaşı azdır. Hesab edirəm ki, onların səlahiyyətləri genişləndirilməli və artırılmalıdır. Onlar ərazidə yaşayan münaqişəli ailələri siyahıya alsınlar. O ailələrdə olan içki düşkünləri, psixoloji problemləri olanları, narkomanları nəzarətdə saxlasınlar. Əks halda ailə institutu zədələnəcək”.

Millət vəkili Zahid Oruc da həmkarının çıxışına əlavə olaraq qeyd edib ki, ölkədə səsli-küylü cinayətlər artıb: “Azərbaycanda sabitlik var və biz də haqlı olaraq bununla fəxr edirik. Bəs niyə belə cinayətlər artır? Bunun səbəbi xaricdən ölkəmizə televiziyalar vasitəsilə daşınan filmlərdir, yoxsa psixoloji vəziyyət? Mən bilmirəm. Bu məsələ ciddi araşdırılmalı və parlament dinləmələri keçirilməlidir”.

Son xəbərlər

Orphus sistemi