​Əli Həsənov: "Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə öz töhfəsini verəcək"

​Əli Həsənov: "Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə öz töhfəsini verəcək" "Milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır"
Daxili siyasət
2 Fevral , 2015 16:15
​Əli Həsənov: Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə öz töhfəsini verəcək

Bakı. 2 fevral. REPORT.AZ/ "Hazırda dünyadakı 200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərinin ortalarından başlayıblar. Biz postsovet ölkələri arasında 5-ci ölkəyik ki, milli atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna və Qazaxıstan milli atlaslarını hazırlayıb".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimatında çıxış edərkən deyib.

O bildirib ki, bu sahə ildən-ilə təkmilləşir və dövlət və cəmiyyət üçün onun əhəmiyyəti daha da artır: "Mütəxəssislər belə hesab edirlər ki, kartoqrafiya hətta yazıdan da əvvəl əmələ gəlib. Azərbaycan alimləri və mütəxəssisləri milli xəritəçəkmə mədəniyyətinin tərəqqisi istiqamətində mühüm uğurlara imza atıblar. Hələ sovet dövründə ölkənin fiziki, coğrafi, geoloji, siyasi və inzibati xəritələri hazırlanıb. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra bu sahənin elmi-praktiki, təsərrüfat əhəmiyyəti, siyasi və ideoloji xüsusiyyəti artıb. Erməni ekspansionistlərin xəritə və atlaslardan ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir. Dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını mühüm qiymətləndirən ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb".

PA rəsmisi bildirib ki, atlasdakı qiymətli elmi məlumatlar, 1000-ə yaxın xəritə, diaqram və cədvəl, arayışlar, qrafika və illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir: "Beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır. Təbii ki, Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir. Hazırda Azərbaycan Milli Atlasının tərtibatında da 2 süni peykimizin imkanlarından da istifadə olunub. Bu gün Azərbaycan dünyanın kosmik dövlətləri ilə bir sıradadır. Bu faktın özü Azərbaycanın nə qədər inkişaf etdiyinin bariz göstəricisi hesab oluna bilər".

Ə.Həsənov qeyd edib ki, atlas cəmiyyət üçün bir neçə aspektdən önəmli olacaq: "Əvvəla, Atlas vətəndaşlar, xüsusilə də gənc nəsil üçün maarifləndirici funksiya daşıyır. Belə ki, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, təbii sərvətlərimiz barədə dəqiq məlumatlar və doğru biliklər əldə etmək, ölkəmizin hər bir güşəsini daha yaxından tanımaq imkanı yaranacaq. Digər tərəfdən, təhsil alan gənclərimiz və yeniyetmələrimiz bu tipli vəsaitlərlə işləmək vərdişləri qazanacaq ki, bu da onların dünyagörüşünün genişlənməsinə, intellektual səviyyələrinin artmasına səbəb olur. Atlas Azərbaycanın mili maraqlarının qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də öz mühüm töhfəsini verəcək. Ermənistan və erməni diasporu uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Azərbaycan Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi və coğrafiyası, burada gedən proseslərin mahiyyəti ilə bağlı erməni yalanlarının ifşasına əlavə imkanlar yaradacaq".

Son xəbərlər

Orphus sistemi