Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib

Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib Prezident İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
14 Dekabr , 2015 14:43
Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, bundan əvvəl - oktyabrın 20-də Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Mədət Qəzənfər oğlu Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub.

O, 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.

Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb. 1994-1995-ci illərdə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax regional şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN-in Mütəşəkkil cinaytəkarlıqla mübarizə idarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin idarənin rəisi, 2002-2004-cü illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2010-cu illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli, 424 nömrəli Fərmanı ilə dövlətin ən ali mükafatı, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.

2011-ci ilin fevral ayında ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Bu il həmçinin, Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi