​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi ikinci cildi çapdan çıxıb

​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi ikinci cildi çapdan çıxıb Buraxılışa məsul Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir
Daxili siyasət
3 Oktyabr , 2015 12:51
​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin iyirmi ikinci cildi çapdan çıxıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Biz imkan verə bilmərik ki, insanlar bazar iqtisadiyyatına xas olan prinsiplərin Azərbaycanda tətbiqindən əziyyət çəksinlər. Biz adada yaşamırıq. Xüsusilə son illər ərzində Azərbaycanın uğurlu iqtisadi inkişafı ona gətirib çıxarıb ki, biz artıq dünya iqtisadiyyatının bir hissəsiyik. Bizim iqtisadiyyatımız dünya iqtisadiyyatına xas olan qanunlarla idarə olunur. Başqa yol yoxdur. Bəlkə də var, amma o ölkələrdə ki, onlar həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən özlərini dünyadan təcrid ediblər. O ölkələrin uğurları müvəqqəti xarakter daşıyır və yalnız süni amillərlə tənzimlənir. Biz isə dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də geosiyasi cəhətdən dünya üçün çox önəmli ölkəyə çevrilir və əlbəttə ki, bazar iqtisadiyyatı prinsiplərinin Azərbaycanda tətbiqi labüddür, mümkündür və vacibdir. Ona görə bütün bu amilləri nəzərə alaraq, eyni zamanda, insanların sosial cəhətdən müdafiəsi üçün atılan addımlar da vacibdir və biz bunu edirik”. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 22-ci cildində dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin yekunlarına və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən götürülüb.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin dekabrından 2007-ci ilin fevralınadək olan dövrü əhatə edir.

Bu cild Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin 2006-cı il ərzində gördüyü işlərə həsr olunmuş mərasimdəki nitqi ilə başlanır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlət başçısının Dünya İqtisadi Forumu çərçivəsində İsveçrəyə səfəri, eyni zamanda, Almaniyaya rəsmi səfəri zamanı dövlət və hökumət başçıları, digər yüksək vəzifəli şəxslərlə görüşləri, danışıqları zamanı çıxışları, Konrad Adenauer fondu tərəfindən təşkil olunmuş “Azərbaycan XXI əsrdə - inkişaf və perspektivlər” mövzusunda geniş müzakirələrdə nitqi və çoxsaylı suallara verdiyi cavablar, Azərbaycan-Almaniya biznes forumunda nitqi və s. öz əksini tapıb.

Bu nəşrdə, həmçinin Prezident İlham Əliyevin Fransaya dövlət səfəri zamanı Prezident Jak Şirak ilə danışıqları, bütün görüşlərdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafdan, əməkdaşlıqdan bəhs edən materiallar, dövlət başçısının kütləvi informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələri öz əksini tapıb.

Azərbaycan Prezidentinin Bakıda beynəlxalq təşkilatların təmsilçilərini, nüfuzlu beynəlxalq şirkətlərin nümayəndə heyətlərini, ayrı-ayrı dövlətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə, ölkədə keçirilən müxtəlif tədbirlərdə iştirakına, ictimai-siyasi həyatda fəal sosial təbəqə olan gənclərlə görüşünə, habelə respublikamızda çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyasının inamla davam etdirilməsinə, yeni infrastruktur layihələrin həyata keçirilməsinə, xalqımızın rifahının yaxşılaşdırılmasına aid materiallar, həmçinin imzaladığı fərmanlar və sərəncamlar da bu cilddə yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılmış 22-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.

Son xəbərlər

Orphus sistemi