​İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyev ilə görüşüb

​İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyev ilə görüşüb Görüşdə Bakıda keçirilən I Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub
Daxili siyasət
28 İyun , 2015 18:32
​İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyev ilə görüşüb

Bakı. 28 İyun. REPORT.AZ/ İyunun 28-də Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn bolqarıstanlı həmkarı Rosen Plevneliyev ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Bakıda keçirilən I Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub.

Rosen Plevneliyev tarixdə ilk dəfə baş tutan Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlət başçısına bolqar xalqının təşəkkürünü çatdırıb. Rosen Plevneliyev onilliklər ərzində ideya kimi qalan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın tarix yazdığını deyib. Bolqar idmançılarının Bakıda onlar üçün yaradılan şəraitdən heyran olduqlarını, bu şəraiti heç bir yerdə görmədiklərini deyən Rosen Plevneliyev idmançıların yaşayış yerlərinin, idman infrastrukturunun çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev bir vaxtlar Avropa Oyunları ideyasına pessimist yanaşıldığını, standartları mövcud olmayan belə Oyunların lazımsızlığı barədə düşünənlərin olduğunu bildirib.

“Biz qərara gəldik ki, bu Oyunların standartı mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır”, - deyən dövlət başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandığını diqqətə çatdırıb. Azərbaycan prezidenti digər ölkələrin nümayəndə heyətlərinin də birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirdiklərini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Əlaqələrin siyasi, iqtisadi, energetika, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi