İcra başçısı: "Lənkəranda addımbaşı müstəqilliyin bəhrələri ilə rastlaşırıq" - FOTO

İcra başçısı: "Lənkəranda addımbaşı müstəqilliyin bəhrələri ilə rastlaşırıq" - FOTO Lənkəranda "Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda bayram tədbiri keçirilib
Daxili siyasət
18 Oktyabr , 2016 14:31
İcra başçısı: Lənkəranda addımbaşı müstəqilliyin bəhrələri ilə rastlaşırıq - FOTO

Lənkəran. 18 oktyabr. REPORT.AZ/ Lənkəranda Heydər Əliyev Mərkəzində 18 oktyabr – Müstəqillik gününə həsr olunmuş “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda bayram tədbiri keçirilib.

"Report"un Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan xalqı özünün tarixi nailiyyəti olan dövlət müstəqilliyinin 25-ci ildönümünü təntənə ilə bayram edir. Qazanılan bu azadlıq və müstəqillik böyük qurbanlar, şəhidlər bahasına başa gəlib: "O zaman ölkəyə rəhbərlik edən şəxsləri milli maraqlar deyil, vəzifə kreslosu maraqlandırdığından xalq tamam başsız qalmışdı. Bu məqamdan düşmən qüvvələr məharətlə istifadə edərək xain erməni millətçilərini üstümüzə qaldırmış, 20 Yanvar faciəsini, Xocalı Soyqırımını törətmiş, bir milyondan çox soydaşımızı dədə-baba yurdundan didərgin salmışlar. Eyni zamanda, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir şəraitdə 1991-ci il avqustun 30-da Azərbaycan parlamentində Müstəqillik haqqında Bəyannamə və oktyabrın 18-də Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Azərbaycan xalqı çoxdankı arzusuna qovuşdu. Lakin təəssüflər olsun ki, 1918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimiz ciddi təhlükələrə məruz qalıb. Ölkədə iqtisadiyyat dağılıb, əhali aclıq və səfalət vəziyyətinə düşüb. Cəbhədə məğlubiyyətlər, rayonların işğalı, qaçqın və məcburi köçkünlərin artması vəziyyəti daha da ağırlaşdırıb. Çıxılmaz vəziyyətdə olan Azərbaycan xalqı başa düşüb ki, onun çıxış yolu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışındadır. Ona görə də xalq özünün xilaskarına üz tutdu və onu təkidlə yenidən siyasi rəhbərliyə qayıtmağa çağırdı".

T.Qaraşov vurğulayıb ki, Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində Azərbaycan tərəqqi yolundadır: "Onun beynəlxalq nüfuzu ildən-ilə artır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bu işdə mühüm rol oynayır. Bunu Lənkəranın timsalında da görmək mümkündür. Lənkəranda addımbaşı müstəqilliyin bəhrələri ilə rastlaşırıq".

Sonra Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli iftixarıdır” mövzusunda məruzə edib.

O bildirib ki, 25 illik müstəqillik dövründə Azərbaycanın inkişafı, daxili və xarici siyasətində qazanılan uğurlar xalqımızı ürəkdən sevindirir və xoşbəxt sabaha böyük inam yaradır: "Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə dövlət müstəqilliyinin bundan sonra da inkişaf edib möhkəmlənəcəyinə, onun əbədi, sarsılmaz və daimi olacağına qəti şəkildə inanır".

Daha sonra tədbirdə məruzə ətrafında Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli və başqaları bayram təbriklərini söyləyiblər.

Son xəbərlər

Orphus sistemi