Göyçayda Gənclər Mərkəzi istifadəyə verilib

Göyçayda Gənclər Mərkəzi istifadəyə verilib Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib
Daxili siyasət
6 Oktyabr , 2015 20:58
Göyçayda Gənclər Mərkəzi istifadəyə verilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

"Report"un məlumatına görə, dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafı 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilib. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu baxımdan çox mühüm rol oynayıb. Hazırda həyata keçirilməkdə olan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsi də daim diqqətdə saxlanılır. Bu baxımdan bölgələrdə yaradılan gənclər mərkəzləri müstəsna əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Göyçay Gənclər Mərkəzinin tikintialtı sahəsi 3400 kvadratmetr olan ikimərtəbəli binasının inşası yüksək zövq və keyfiyyətlə həyata keçirilib. Burada gənclər üçün hərtərəfli şərait yaradılıb. Binanın foyesində Ulu Öndərin büstü qoyulub, Ümummilli Liderin Göyçaya səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Mərkəzdə Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotoguşələr də var.

Burada rayon gəncləri boulinq zalı, qolf, intellektual oyunlar otaqları, kafe, rəqs studiyası, xarici dil kursları, rəsm, xalçaçılıq, poliqrafiya, heykəltəraşlıq dərnəkləri və fotostudiyaların xidmətindən yararlana biləcəklər. Mərkəzdə 60 yerlik böyük iclas və 15 yerlik konfrans zalları var. Bu zallarda rayon gənclərinin müxtəlif tədbirləri keçiriləcək.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

İlham Əliyev, həmçinin Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, Göyçayda Bayraq Meydanının və Muzeyinin inşasına bu ilin aprelində başlanılıb. Muzeyin qarşısında hündürlüyü 66 metr olan bayraq dirəyi ucaldılıb. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Meydan dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış olub.

Diqqətə çatdırılıb ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl məkanlarından birinə çevrilib.

Son xəbərlər

Orphus sistemi