Bakı. 31 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətini qəbul edib.
XİN-dən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov parlamentlərarası əlaqələrin vacibliyini vurğulayaraq, bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına töhvə verəcəyini bildirib. Azərbaycanla Ukrayna arasında yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edən Elmar Məmmədyarov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını və qarşılıqlı dəstəyini diqqətə çatdırıb.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Azərbaycan ilə əlaqələrin inkişafına əhəmiyyət verdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O, Azərbaycanla müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin daha da inkişafı baxımından hökümətlərarası müştərək komissiyanın əhəmiyyəti vurğulanıb.