Əli Həsənov: "Azərbaycanın üzərinə gəlirlər"

Əli Həsənov: "Azərbaycanın üzərinə gəlirlər" Prezidentin köməkçisi: "Heç kim bizi aparıb anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz"
Daxili siyasət
29 İyun , 2015 12:46
Əli Həsənov: Azərbaycanın üzərinə gəlirlər

Bakı. 29 iyun. REPORT.AZ/ “Hər bir jurnalist unutmamalıdır ki, o eyni zamanda xalqı, milləti, dövləti təmsil edir. Gündəlik jurnalist fəaliyyətində vətənə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, bəzi qüvvələr xalqları, millətləri və etnik azlıqları bir-birinə qarşı qaldırdılar: "Müasir dünyada o qədər çox standartlar yaranıb ki, nə nümunəsini Azərbaycanda yaymağa çalışdığımız Qərb, nə də digər bizə nümunə ola biləcək sistemlər bu gün təəssüf ki, obyektiv gerçəklikdən çıxış edərək vahid standartlar çərçivəsində siyasət həyata keçirmirlər. Bilirik ki, bu gün dünyada baş verən proseslər heç də Qərb və digər mətbuatda yazıldığı kimi cərəyan etmir. Xalqların çoxu heç də terrorist, vəhşi insanlar deyil. Amma son 10 ildə həmin dövlətlərin başına görün, nə oyun açıldı. Öz maraqları çərçivəsində müsəlman ölkələrini nə günə qoydular". 

Prezidentin köməkçisi qeyd edib ki, bəzi dairələr bu gün dünya ölkələrində siyasi məhbus axtarırlar: "Siyasi məhbusun bir nömrəli nümunəsi Misirin devrilmiş prezidenti Məhəmməd Mursidir. Demokratik səsvermə yolu ilə öz əhalisinin 50 faizdən çoxunun səsini toplayıb prezident seçilən adam kiminsə maraqlarına cavab vermədiyi üçün bu gün həbsdədir və onu edam etmək istəyirlər. Təəssüf ki, bu gün dünyada çox standartlılığın hökm sürdüyü dövrdə Azərbaycan jurnalistikasının bəzi nümayəndələri də onlara dəstək olurlar. Azərbaycan xalqına, dövlətinə qarşı çevrilən əməllərə bu və ya digər yollarla yardım edirlər. Təəssüf edirəm ki, bu gün xarici ölkələrdə məskunlaşan bəzi azərbaycanlı adını, soyadını daşıyan jurnalistlər onların əsas hədəflərinə çevriliblər. Anti-Azərbaycan şəbəkələri formalaşıb ki, onların fəaliyyəti haqqında məlumatlıyıq.

Ə.Həsənov deyib ki, bu gün Azərbaycan mediasının nümayəndələri kifayət qədər qüdrətə malikdirlər və həmin qüvvələrə sinə gərməyi bacarırlar: "Bizim jurnalistlərimiz həmin qüvvələrin Azərbaycan xalqını çaşdırmağa imkan verməmək imkanına malikdirlər.

Siz də bilirsiniz ki, onlar I Avropa Oyunları ərəfəsində bizim başımıza nə oyunlar açmağa çalışdılar?! Düzdür, heç nəyə nail ola bilmədilər. Faktiki olaraq 3-5 nəfər adını hüquq müdafiəçisi qoyan təşkilat və şəxsdən başqa dünya ictimaiyyətini anti-Azərbaycan prosesinə qoşa bilmədilər. Onların dairəsi maksimum 60-70 nəfəri əhatə edə bilir. Bu qədər şəxslə Qərb anti-Azərbaycan fəaliyyətini sistemli şəkildə həyata keçirmək istədi, ancaq istəyinə nail ola bilmədi. Sual ortaya çıxır ki, niyə onların dairəsi genişlənmədi? Çünki biz haqlı idik. Onlar haqqa qarşı mübarizə aparmaq istəyirdi.

Gözləri götürmədi ki, 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyanın keçirə biləcəyi səviyyədə olimpiada keçirə bilir. Bir sözlə, Azərbaycanın cəlbedici obrazı çoxlarını qane etmir və yəqin ki, bundan sonra da etməyəcək. Ona görə də Azərbaycan xalqı, eləcə də aktiv təbəqə olan ziyalılar və jurnalistlər ayıq-sayıq olmalı və bəzi qüvvələrin əməllərini yerindəcə ifşa etməlidirlər".

O bildirib ki, bəzi böyük güclər bir sıra dövlətləri idarə etmək istəyir: "Təbii ki, Azərbaycan da həmin dövlətlərin sırasındadır. Bu gün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünə məxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısına sədd çəkməliyik, kiminsə istəyinə yox deməliyik. Bu da onlara sərf etməyəndə Azərbaycanın üzərinə gəlirlər. Sadəcə olaraq, böyük dövlətlər ölkəmizi idarə etmək istəyirlər. Amma bu gün Prezident İlham Əliyevin sözün həqiqi mənasında Azərbaycan xalqının iradəsinə söykənən müstəqil siyasəti onlara sərf etmir və buna qarşı çıxırlar".

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycanı mühüm qlobal tədbirlər gözləyir: "Bu gün ölkəmiz özünün həqiqi ambisiyasını ortaya qoyub, dünya dövlətlərinin hər biri ilə yarışmağa hazır olduğunu bildirir. Hesab edirəm ki, bu ambisiyada da bizim əsasımız var. Bugünkü qonaq qarşılama qabiliyyəti və bacarığı ortadadır. Bunu heç kim inkar edə bilməz. Heç kim də bizi aparıb anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz. Azərbaycan artıq inkişaf yolundadır və belə də davam edəcək. Təbii ki, bu sahədə medianın rolu da olduqca önəmlidir".

Son xəbərlər

Orphus sistemi