​Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

​Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib Kollegiyada növbəti yarım il üçün əsas prioritetlər və digər konkret tədbirlər müəyyən edilib
Daxili siyasət
30 İyun , 2016 19:20
​Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Kollegiyada bildirilib ki, ölkə prezidentinin 23 iyun 2016-cı il tarixli fərmanları ilə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması və nəzarətin həyata keçirilməsinə dair yeni Qaydalar təsdiqlənib. Eyni zamanda, Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri müəyyən edilib.

İclasda yeni normativ aktların icrası üzrə tədbirlər müzakirə olunub, qeyd olunan vacib sənədlərin ədliyyə işçiləri tərəfindən dərindən öyrənilməsi, mütəşəkkil və dürüst icrası, onların tələblərinə dönmədən əməl olunması üzrə konkret tapşırıqlar verilib. Bildirilib ki, yeni qanunvericiliyin tələblərinə uyğun olaraq nazirlikdə vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi təkmilləşdirilir.

Eyni zamanda, ədliyyə orqanlarının digər fəaliyyət istiqamətləri üzrə cari ildə görülən işlər müzakirə olunub, məhkəmə qərarlarının icrası, istintaq, notariat və vətəndaşlıq vəziyyəti aktları sahəsində, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, beynəlxalq əməkdaşlıq üzrə görülmüş önəmli tədbirlər qeyd olunub.

Kollegiyada növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən regional və yerli ədliyyə qurumlarının işinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə əlavə tədbirlərin görülməsi, vətəndaşların daha çox təmasda olduğu ədliyyə qurumlarında məmnunluğun yüksəldilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, ədliyyə işçilərinin peşə hazırlığının artırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə və digər konkret tədbirlər müəyyən edilib.

Qulluğa qəbul prosedurları da xeyli sadələşdirilib, test imtahanında iştirak etmək üçün elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir və müsabiqələr mütəmadi xarakter daşıyır. Eyni zamanda, Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq uğur qazanan namizədlər icbari təlimə cəlb edilirlər.

Kollegiyada bu sahədə görülən işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən kadr potensialının gücləndirilməsi, mövcud vakansiyaların çevik doldurulması, ədliyyə işçilərinin nəzəri bilik və peşə hazırlıqlarının artırılması, məsuliyyət hissinin yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması və s. üzrə aidiyyəti tapşırıqlar verilib.

Bununla yanaşı, iclasda son vaxtlar qəbul olunmuş mühüm qanunvericilik aktları ilə nazirliyə həvalə olunan yeni səlahiyyətlərin dürüst və layiqincə yerinə yetirilməsinin vacibliyi vurğulanıb, habelə ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə və statistik hesabat formalarının təkmilləşdirilməsi məsələlərinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi