Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək Siyavuş Novruzov: "Ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır"
Daxili siyasət
2 Dekabr , 2015 12:48
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək

Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır

Bakı. 2 dekabr. REPORT.AZ/ “Dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Çünki ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Qanun layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirə olunub. 

S.Novruzovun sözlərinə görə, hazırda dünyada müxtəlif adlar altında ölkələrə müxtəlif ideyalar ixrac olunur: “Bu gün din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İndi isə vəziyyət tamamilə fərqlidir. Çünki onlar sırf mənəviyyat məsələlərini əsas götürürlər. Ona görə də həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”.

O əlavə edib ki, cəmiyyətdə hakim olan fikirlərinə heç vaxt laqeyd yanaşmaq olmaz: “Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur və təmin edilir. Hər kəs qanun qarşısında bərabərdir. Bu səbəbdən də hamının qanunun tələblərinə əməl etməsi mütləqdir. Konstitusiyada dövlət quruluşu da müəyyənləşib. Ona görə də mənəvi dəyərləri mövcud olan ölkədə əks nəsə etmək, başqa dövlətin modelini burada qurmaq istəyənlər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır”.

S.Novruzov vurğulayıb ki, bu gün Azərbaycanda xalqla iqtidar bir yerdədir: “Mövcud qanunvericilik də imkan verir ki, ölkədəki demokratik vəziyyət əbədi olsun. Digər dini cərəyanlar da buna əsla müdaxilə edə bilməz”.

"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələri birgə hazırlayıb. Üç fəsil 15 maddədən ibarət yeni qanun layihəsinə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Qanun layihəsində qeyd olunub ki, dini ekstremist fəaliyyətində iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Layihəyə əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

Müzakirələrdən sonra layihənin Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi