Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciət Avropa Məhkəməsinə daxil olub

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciət Avropa Məhkəməsinə daxil olub Girovların hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib
Daxili siyasət
30 Yanvar , 2015 16:52
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciət Avropa Məhkəməsinə daxil olub

Bakı. 30 yanvar. REPORT.AZ/ "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə ermənilər tərəfindən işğal olunan Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib.

"Report"un məlumatına görə, konfransda girovların ailə üzvləri də iştirak ediblər.

Birliyin sədri Anar Bağırov deyib ki, bu məsələ ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, ermənilər D.Əsgərov və Ş.Quliyevi girov saxlamaqla beynəlxalq hüquq normalarını pozurlar: "BMT ermənilərin işğal etdiyi torpaqları Azərbaycan əraziləri kimi tanıyır. Hər bir vətəndaş da öz ərazisində sərbəst hərəkət edə bilər. Həmvətənlərimizi "diversant" adlandırırlar. Əgər bunlar diversiya törədiblərsə, onların əməlləri niyə məhkəmə sənədlərində əksini tapmayıb? Kimsə doğma ata-baba yurdunu ziyarət edəndə "diversant" olur? Bu ermənilərin qanunsuz əməllərini sübut edir".

A.Bağırov girovlarla bağlı görülən işlərdən də danışıb: "Biz onların azad olunmasına çalışırıq. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik. Adətən, Avropa Məhkəməsinə müraciət olunan zaman ərizənin icraata qəbul olunması və işə baxılması prosedurları uzun çəkir. Biz də bunu nəzərə alaraq, ərizənin təcili baxılmasının zəruriliyini vurğulamışıq. Müraciətimiz məhkəməyə yanvarın 13-də daxil olub".

Girov saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Musayev ermənilərin girovlarla bağlı məhkəmə prosesini "saxta" adlandırıb: "Girovlarımızın hüquqları pozulub. Qardaşımın 55 yaşı var. Dilqəm heç bir dövlət orqanında işləməyib. O, necə diversant ola bilər?!"

Son xəbərlər

Orphus sistemi