Deputat Mahir Abbaszadə: "Sultan bəyin məzarının abadlaşdırılması üçün nə lazımdırsa edəcəyik”

Deputat Mahir Abbaszadə: "Sultan bəyin məzarının abadlaşdırılması üçün nə lazımdırsa edəcəyik” "Bununla da göstərəcəyik ki, illər araya girsə də, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur"
Daxili siyasət
22 Sentyabr , 2016 18:01
Deputat Mahir Abbaszadə: Sultan bəyin məzarının abadlaşdırılması üçün nə lazımdırsa edəcəyik”

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Sultan bəyin məzarının abadlaşdırılması üçün nə lazımdırsa edəcəyik”.

"Report" xəbər verir ki, bunu 121 saylı Laçın seçki dairəsindən seçilmiş deputat, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Mahir Abbaszadə bildirib.

O qeyd edib ki, Azərbaycanın xalq qəhrəmanı, ötən əsrin əvvəllərində erməni daşnaklarının Qarabağda törətmək istədiyi soyqırımın qarşısının alınmasında müstəsna xidmətləri olan, erməni quldurbaşısı Andranik Ozanyanın dəstəsini darmadağın edən Sultan bəy Sultanovun Türkiyədəki məzarının yerini müəyyənləşdirmək üçün sentyabr ayında Laçının fəal gənclərindən olan İbrahim Mirzəyev və Aqil Səfərəliyevin Naxçıvana, oradan isə Türkiyənin Qars vilayətinə səfərini təşkil ediblər: "Səfəri ona görə təşkil etdik ki, onlar Sultan bəyin məzarının dəqiq harada yerləşməsi və hansı vəziyyətdə olması barədə məlumat toplayıb gətirsinlər. Onlar çox böyük çətinliklə Qars vilayətinin Koçköy kəndində Sultan bəyin və onunla birlikdə vaxtilə oraya köç etmiş digər laçınlıların məzarlarını tapıb, onlarla bağlı məlumatlar toplayıb və fotolar çəkib gətirdilər. Yeri gəlmişkən, məzarın tapılmasında onlara dəstək olan, yol göstərən yerli sakinlərə və jandarma məmuru Nacih Horasana da ayrıca təşəkkür etmək istərdim".

M.Abbaszadə bildirib ki, şəkillər sosial şəbəkədə paylaşılandan sonra böyük rezonansa doğurub: "Mən çox hörmətli deputat həmkarım Qənirə xanım Paşayevaya da minnətdaram ki, bizim səsimizə ən tez səs verənlərdən biri oldu və öz dəstəyini əsirgəmədi. Mən də öz növbəmdə Qars vilayətinin bələdiyyə başqanı Murtaza Karaçantayla telefon əlaqəsi saxladım, qəbrin bu vəziyyətdə olmasının həm bizim üçün, həm də Türkiyə üçün utandırıcı bir hal olduğunu bildirdim. Bundan sonra Murtaza bəy söz verdi ki, yaxın vaxtlarda Sultan bəyin məzarı onun adına layiq bir şəkildə abadlaşdırılacaq. Bununla biz həm seçicilərə verdiyimiz sözə sadiq qalmış, həm də Xosrov bəy və Sultan bəyin ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirmiş olarıq. Bu, həm də onunla önəmlidir ki, gələcək nəsillər torpaqlarımızın qorunmasında çox böyük fədakarlıq göstərmiş insanları tanısınlar".

Millət vəkili qeyd edib ki, Sultan bəyə məxsus olduğu deyilən məzarın yaxınlığında onun qızının da məzarı var: "Onun üzərində ata adı kimi "Sultanbəy qızı" yazılıb. Eyni zamanda o qəbrin ətrafındakı məzarların hamısının üzərində yurdu Laçın, ilçəsi Laçın sözləri yazılıb. Bunlar və yerli sakinlərin dedikləri əsas verir ki, biz həmin adsız məzarın məhz Sultan bəyə aid olduğu qənaətinə gələk. Eyni zamanda biz düşünürük ki, bayaq adlarını çəkdiyim gənclərlə birlikdə yaxın vaxtlarda yenidən Qars vilayətinə səfər edək, orada uzun müddət yaşamış yaşlı insanlarla görüşüb söhbətlər edək, Sultan bəyin nəvə-nəticəsindən kimlərin qaldığını öyrənək. Ola bilsin həmin insanlar artıq Türkiyənin başqa bölgələrində məskunlaşıblar, onlarla da əlaqələr qurulacaq və mən guman etmirəm ki, biz məzarın Sultan bəyə aid olmasında yanılırıq. Sadəcə qalır onun abadlaşdırılması ki, bu da bizim borcumuzdur".

M.Abbaszadə məsələ ilə bağlı Qarsın bələdiyyə başqanı Murtaza Karaçantayla müzakirəsinin detalarını da açıqlayıb: "Murtaza bəy mənə bildirdi ki, o hazırda İzmirdədir, oradan Ankaraya, sonra isə Qarsa qayıdacaq və dönən kimi də məzarın abadlaşdırılması ilə bağlı göstərişlər verəcək. Bilirsiniz ki, bu, həm də bələdiyyə büdcəsinə və iş planına daxil edilməlidir, çünki məzar olaraq bizim olsa da, Türkiyənin ərazisində yerləşir. Mən də təkrar olaraq bir həftə-on gün ərzində yenidən Murtaza bəylə əlaqə saxlayacam və sizi inandırmaq istəyirəm ki, bu məsələnin məntiqi sonluqla nəticələnməsi üçün nə lazımdırsa edəcəyik.

Murtaza bəyə də bildirmişəm ki, məzarın Sultan bəyin adına layiq bir şəkildə düzəldilməsi üçün bizim tərəfimizdən nə lazımdırsa etməyə, o cümlədən maliyyə dəstəyi göstərməyə hazırıq. Əminəm ki, bu işi başladığımız kimi ləyaqətlə də başa vuracağıq və bir gün Azərbaycan və Türkiyə ictimaiyyətinin, millət vəkillərinin, gənclərin iştirakı ilə Sultan bəyin abadlaşdırılmış məzarının ilk ziyarətini həyata keçirəcəyik. Bununla da göstərəcəyik ki, illər araya girsə də, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur".

Son xəbərlər

Orphus sistemi