Deputat: “Dövlətimiz akademik Ramiz Mehdiyevin qaldırdığı məsələlərin durumundan narahatlıq hissi keçirir!”

Deputat: “Dövlətimiz akademik Ramiz Mehdiyevin qaldırdığı məsələlərin durumundan narahatlıq hissi keçirir!” “Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”
Daxili siyasət
29 Oktyabr , 2014 09:27
Deputat: “Dövlətimiz akademik Ramiz Mehdiyevin qaldırdığı məsələlərin durumundan narahatlıq hissi keçirir!”

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Azərbaycan” qəzetində bu qəzetin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun “Sabahı düşünərkən” adlı məqaləsi çap olunub. “Report” yazının aktual mövzuya həsr olunduğunu nəzərə alaraq, həmin məqaləni təqdim edir:

SABAHI DÜŞÜNƏRKƏN

“Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”

Akademik Ramiz MEHDİYEV

Akademik Ramiz Mehdiyev həmişə tariximizlə bağlı və cəmiyyət həyatında baş verən ən aktual məsələlərdən yerində və yüksək səriştə ilə söhbət açıb, hadisələrə ziyalı alim, vətəndaş, yüksək çinli dövlət məmuru və xalqını sevən böyük insan kimi obyektiv, məsuliyyətli, böyük təcrübə və peşəkarlığından irəli gələn müdrikliklə qiymət verib. Onun Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı çıxışında ürək yanğısı ilə toxunduğu məsələlər hamımızın ürəyini ağrıtdı!

Doğrudan da bizə nə olub?! Müstəqilliyin bəhrələrindən doyunca daddığımız, həyatımızın günbəgün yaxşılaşdığı, dövlətimizin durmadan inkişaf etdiyi bir vaxtda keçmişdə və əvvəlki illərdə qazandıqlarımız uğurları, mənəvi dəyərləri itirməliyik?

Bir vətəndaş və övlad kimi dövlətimizin sabahının necə olacağını düşünməməliyik?

Vətən, millət və dövlət qarşısında müəyyən mənəvi borc daşıdığımızı yaddan çıxarmalıyıq?

Təhsildə və elmdə bir böyük ədalət və bir ədalətsizlik var: kim zəhmətə qatlaşaraq nəyi öyrənirsə, onunkudur! Kənardan heç kim, heç bir vasitə ilə başqasının öyrəndiyini və bildiyini beynindən götürərək mənimsəyə bilmir!

Bu, çox böyük ədalətdir!

Biz mentalitetimizə uyğun olaraq övladlarımız üçün hər şey edirik: onları yedirib-geyindirir, oxudub diplom sahibi edir, ev-eşik, ailə yiyəsi olmasına da hər cür kömək göstəririk!

Başqa sözlə, hətta gözümüzün yağı gərək olsa belə, onlardan əsirgəmirik!

Dünyadan köçəndə isə var-dövlətimizi (əgər varsa), yaxud quru və təmiz adımızı onlara qoyub gedirik!

Bircə şeyi verə bilmirik: təhsil, elm, bilik sarıdan öyrəndiklərimizi və beynimizə yazdıqlarımızı!

Bu ədalətsizlikdir!

Bəlkə də ən qiymətli olanları özümüzlə aparırıq!

Lakin bu ədalətsizlikdə bir ədalət də duyulur: hər kəs özü oxuyub öyrənməli, özü bilməli, özü təcrübə toplamalıdır!

Odur ki, hər bir yeniyetmə və gənc - yoxsulu da, imkanlısı da özü oxuyub öyrənməli, özü bilməlidir!

Həyatda özünə mövqe qazanmağı bacarmalıdır!

Vətəninə faydalı övlad olmağa çalışmalıdır!

Həm də bütün bunları yalnız özünün edə biləcəyini unutmamalıdır!

Artıq ictimai-iqtisadi formasiya dəyişib, bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olduğu bir zamanda yaşayırıq.

Daha sosializm və sovet hökuməti yoxdur, onun insanları zorla bərabərləşdirmək prinsipi də aradan qalxıb!

İndi yaxşı yaşamaq istəyirsənsə, zəhmət çəkməlisən, gecə-gündüz tər tökməlisən!

Ali təhsil diplomunun səni ömürlük “çörək sahibi” etdiyi dövr çoxdan qurtarıb!

Bu gün savadsız və biliksiz insanın əlindəki diplom adi kağız parçasından başqa bir şey deyil!

Savadlı mütəxəssis deyilsənsə, heç kim - nə dövlət qurumu, nə də xüsusi şirkət yaxın durub sənə iş verməyəcək! Çünki onun özü də rəqabətdən, iflasa uğramaqdan qorxur!

Əgər bazis dəyişibsə, deməli, üstqurumu da dəyişməlidir!

Əgər təməl yenilənibsə, digər münasibətlər də təzələnməlidir!

Yaşlı insanların köhnə təfəkkürdə qalmaları müəyyən mənada başadüşüləndir! Lakin şüurlu həyatına müstəqillik dövründə qədəm qoyan bəzi gənclərin düşüncə tərzi hərdən heyrət doğurur.

Niyə onlarda elmə, biliyə olan yanğı, həvəs qeybə çəkilib?!

Niyə hələ də bilik yox, diplom almaq uğrunda “mübarizə” aparırlar?!

Niyə uğursuzluğa düçar olanda, həyatda özlərinə yer tapa bilməyəndə təqsiri özlərində yox, dövlətdə görürlər?!

Niyə qızıl kimi qiymətli vaxtlarını elmə-biliyə yox, əl telefonunda müxtəlif oyunlar oynamağa, internetdə yazışmalara sərf edirlər?

Niyə internetin bütün kitabxanalara çıxış imkanından, zəngin bilgilər verə bilməsindən yox, yalnız boş-boş yazışma funksiyasından istifadə edirlər?

Axı, sabah bu dövləti idarə edənlər onlar olacaqlar!

Axı, sabah bu dövləti onlar inkişaf etdirməli olacaqlar!

Axı, sabah bu dövlət onların bilik və bacarığına, təcrübə və səriştəliklərinə, vətənpərvərliklərinə möhtac olacaq!

Niyə bunun məsuliyyətini indidən dərk etmirlər!

Zəhmətsiz və mübarizəsiz heç nə yoxdur!

Mübarizə isə yalnız meydana çıxaraq nəyisə tələb etmək deyil!

Mübarizəni özün-özünlə də aparmalısan:

Yaxşı bilik toplayıb, bacarıqlı kadr olmaq üçün!

Xalqın mədəni və mənəvi sərvətlərinə sahib çıxaraq yaxşı vətəndaş olmaq üçün!

Yaxşı insan, oğul, qardaş-bacı, ata-ana, dost olmaq üçün!

Yaxşı, firavan yaşamaq üçün!

AXI, DÖVLƏT DƏ BUNU İSTƏYİR!

İstəyir ki, bilikli və bacarıqlı mütəxəssis olasan. - Bunun üçün bağçalar və məktəblər şəbəkəsi yaradır, təhsilin səviyyəsini yüksəltmək üçün ardıcıl tədbirlər görür!

İstəyir ki, gəlirli işin, normal dolanışığın olsun! - Bunun üçün iqtisadiyyatı yüksəldir, müntəzəm şəkildə əmək haqlarını artırır, yeni iş yerlərinin açılmasına nail olur, sahibkarlığın inkişafına stimul yaradır!

İstəyir ki, sağlam və qüvvətli olasan. - Bunun üçün idmanın inkişafına, idmanla məşğul olanların sayının artmasına çalışır, belələrinə lazımi şərait yaradır.

İstəyir ki, sabahkı gündə dövlətin sükanını və idarəetmə rıçaqlarını savadlı, səriştəli, dünyada gedən mürəkkəb proseslərdən baş çıxaran, vətənini, xalqını, millətini sevən insanlara tapşırsın. - Odur ki, bu keyfiyyətləri özündə birləşdirən yeni gəncliyin yetişməsi üçün zəruri addımlar atır, münbit şərait formalaşdırır.

Biz daha keçmişə qayıda bilmərik!

Biz daha keçmişin səhvlərini təkrar edə bilmərik!

Biz daha “Allahdan buyruq, ağzıma quyruq” ideyası ilə ömür sürə bilmərik!

Bir baxın, görün özümüzə örnək seçdiyimiz Avropada, dünyanın inkişaf etmiş ölkələrində gənclər necə yaşayır, necə təhsil alır, necə çalışırlar!

Heç onların valideynləri bizimkilər qədər övladlarına dəstək vermirlər, arxalarınca sürünmürlər!

Heç onların dövlətlərində bizdəki qədər qısa zamanda belə inkişaf və irəliləyiş olmayıb!

Dünya çalxalanır, qana boyanır, müxtəlif “bahar”lar, inqilablar girdabında boğularaq dağılır. - Bizdə sabitlik və sakitlikdir!

Dünya maliyyə və iqtisadi böhranlar məngənəsinə düşərək çapalayır. - Bizdə düşünülmüş, sürətli və davamlı inkişaf, ümumi daxili məhsul istehsalının sabit artımı baş verir!

Dünya qloballaşmanın fəsadlarından, ölkədaxili qüvvələrin qarşıdurmasından, terrorizmdən əziyyət çəkir. - Bizdə tolerantlıq, dinlərarası və millətlərarası sülh və əməkdaşlıq nümunəyə çevrilir!

Dövlət öz üzərinə düşən vəzifələri böyük peşəkarlıq, ustalıq və məsuliyyətlə yerinə yetirir, vətəndaşının daha yaxşı yaşaması, bütün hüquqlarını rahat reallaşdırması üçün dayanmadan axtarır, arayır, çalışır, islahatlar aparır, real və ürəkaçan nəticələrə nail olur!

Bəs biz vətəndaşlar?

Biz də üzərimizə düşən məsuliyyəti dərk edərək var gücümüzlə çalışırıqmı?!

Biz də valideynlərimizin bizə inam və etimadını layiqincə doğrulduruqmu?!

Biz də dövlətin bizə bəslədiyi ümidləri çiçəkləndirə biləcəyikmi?!

Bu gün dövlətimiz akademik Ramiz Mehdiyevin qaldırdığı məsələlərin durumundan narahatlıq hissi keçirir!

Haqlı narahatlıqdır!

Bu barədə hər birimiz ciddi düşünməliyik!

Və həm də düzgün nəticə çıxarmalıyıq.

Bizim dövlətimizi və bizim vətənimizi bizlər qədər sevən yoxdur!

Özümüzün, övladlarımızın və ölkəmizin taleyinə bizim qədər yana biləcək insanlar yoxdur!

Odur ki, akademik Ramiz Mehdiyevin ürək yanğısı ilə söylədiklərindən ağıllı nəticə çıxarmalıyıq!

Birləşib birgə çalışmaqla bu vətənin sahibi olduğumuzu unutmamalıyıq!

TARİX SÜBUT EDİB Kİ, ƏN BÖYÜK VƏTƏNPƏRVƏRLİK VƏTƏNƏ LAYİQLİ ÖVLAD OLMAQDIR!

Bəxtiyar SADIQOV

Son xəbərlər

Orphus sistemi