Daxili Qoşunların komandanı: "Nardaranda asayiş və ictimai təhlükəsizlik tam təmin olunacaq"

Daxili Qoşunların komandanı: "Nardaranda asayiş və ictimai təhlükəsizlik tam təmin olunacaq" Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya normaları bərpa edilib
Daxili siyasət
1 Dekabr , 2015 22:38
Daxili Qoşunların komandanı: Nardaranda asayiş və ictimai təhlükəsizlik tam təmin olunacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya normaları bərpa edilib.

"Report"un məlumatına görə, Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bildirib ki, Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının daxili işlər nazirinin əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsinə dair tədbirlər planı hazırlanıb. Həmin planın icrası məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin keçirilməsinə başlayıb. Əməliyyat tədbirləri dekabrın 1-də bütün gün ərzində uğurla həyata keçirilib və müvafiq göstərişin icrası tam təmin olunanadək davam etdiriləcək. Nardaran qəsəbəsində asayiş və ictimai təhlükəsizlik tam təmin olunacaq.

Daxili Qoşunların komandanı deyib ki, qəsəbənin ərazisinə giriş-çıxış, buraxılış rejiminə vətəndaşlar tərəfindən ciddi riayət olunur.

Cinayətkar qrupların üzvləri hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Təxribatların iştirakçısı olan digər şəxslər də aşkarlanaraq məsuliyyətə cəlb ediləcək. İnsanları itaətsizliyə və müqavimət göstərməyə çağıran ekstremist dəstənin üzvlərinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Hadisələr zamanı ictimai qaydaları pozan, polisə müqavimət və itaətsizlik göstərən şəxslər barəsində qanun çərçivəsində ölçü götürüləcək.

Hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribatlar törədilməsi, təhdid və təzyiq vasitəsilə insanların radikallığa və itaətsizliyə məcbur edilməsi cəhdlərinin qarşısı bundan sonra da ən sərt şəkildə alınacaq. Azərbaycan dövləti belə halların bir daha təkrarlanmaması üçün zəruri tədbirləri sonadək davam etdirməkdə tam qətiyyətlidir.

Son xəbərlər

Orphus sistemi