Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib Nazir Ramil Usubov iclasda bəzi ərazi polis orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edib
Daxili siyasət
6 İyun , 2015 17:26
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı. 6 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması" və "Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması" sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.

Nazir deyib ki, respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə mülkiyyət əleyhinə olan hüquqazidd əməllərlə mübarizədə idarəçiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub.

Nazir ailə-məişət zəminli hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, son illər ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə mühüm tədbirlərin görüldüyünu, zəruri funksional və struktur dəyişikliklərin aparıldığını vurğulayıb.

Mövcud kriminogen duruma toxunan nazir R.Usubov cari ilin 5 ayında da cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, keçən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən müddətdə ümumi cinayətlərin, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan hüquqazidd əməllərin açılmasının yaxşılaşdığını, bağlı qalmış cinayətlərin sayının isə azaldığını diqqətə çatdırıb.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr barədə məruzə ediblər.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi