Azərbaycan Prezidenti: "Bizə qarşı uzanan çirkli əlləri kəsmişik"

Azərbaycan Prezidenti: "Bizə qarşı uzanan çirkli əlləri kəsmişik" Prezident İlham Əliyev: "Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclədilər"
Daxili siyasət
8 Sentyabr , 2015 16:40
Azərbaycan Prezidenti: Bizə qarşı uzanan çirkli əlləri kəsmişik

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, 2011-2012-ci illərdə bəzi xarici dairələr Azərbaycanda "ərəb bahar"larının yaranmasından söhbət açırdılar: "Deyirdilər ki, bu qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək və sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatı" yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər. Onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclədilər. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli "beşinci kolon"un vasitəsilə qeyri-hökumət təşkilatları adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər". 

Dövlət başçısı bildirib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar alıb: "Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işdə iştirak edə bilərdilər. Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Heç kimə. Bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər. Lakin iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə "yox" dedi, Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalqla iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantı və təminatçısıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bilsinlər ki, heç kimin qabağında gözükölgəli deyilik və öz sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bu siyasətin nəticəsində ölkəmizi bu böyük bəlalardan qoruya bildik.

Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Bizə qarşı uzanan o çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik".

Mənfi mənzərə fonunda ölkə iqtisadiyyatının inkişaf etdiyini, eləcə də sabitliyin möhkəmləndiyini diqqətə çatdıran Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənir: "Bizimlə əməkdaşlıq edənlərin sayı günü-gündən artır. Azərbaycan beynəlxalq birliyin dəyərli və böyük hörmətə malik üzvüdür. Ölkədə baş verən proseslər müsbət istiqamətə doğru gedir. Xalq bizim siyasətimizi dəstəkləyir və hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir".

Bu müddətdə neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyünü vurğulayan Prezident İ.Əliyev bildirib ki, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar: "Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə vəziyyətdən çıxaq. Gəlirlərimiz böyük dərəcədə azalıb, bu da təbiidir. Keçən il neftin qiyməti 100 ABŞ dollarından yuxarı idisə, bu gün 50 ABŞ dollarından aşağıdır. Bu da iki dəfədən çox aşağı düşmək deməkdir. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar icra edilir. İnsanların təhlükəsizliyi və sosial müdafiəsi təmin olunur. Bax, bu xoşagəlməz mənzərə ilə biz üzləşmişik. Çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay hökumətin geniş iclasında 9 ayın yekun hesabatında bu məsələləri ətraflı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, ilin sonuna qədər yüksək nəticələrlə ili başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artıb, qeyri-neft iqtisadiyyatı 9 faiz, kənd təsərrüfatı 7,3 faiz artıb. Bu da böhranlı illərdə əldə edilən nailiyyətlərdir. Dünya miqyasında buna bənzər yüksəliş görmək çətindir". 

Son xəbərlər

Orphus sistemi