Baş prokuror Balakəndə vətəndaşları qəbul edib

Baş prokuror Balakəndə vətəndaşları qəbul edib Qəbulda 24 vətəndaşın müraciəti dinlənilib
Daxili siyasət
26 Avqust , 2016 12:52
Baş prokuror Balakəndə vətəndaşları qəbul edib

Bakı. 26 avqust. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl baş prokuror və Balakən rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Eyni zamanda, prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması üçün tapşırıqlar verilib.

Qəbul zamanı vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib.

Yekunda Baş prokuror  tabe prokurorların iştirakı ilə müşavirə keçirməklə, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi