​Bakıda “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfrans keçirilib

​Bakıda “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfrans keçirilib Azərbaycanda 9 May - Qələbə Gününün 70 illiyi münasibətilə bayram tədbirlərinə start verilib
Daxili siyasət
2 Aprel , 2015 15:59
​Bakıda “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Böyük Vətən müharibəsi zamanı qələbənin qazanılmasında böyük xidməti olan Azərbaycanda 9 May - Qələbə Gününün 70 illiyi münasibətilə bayram tədbirlərinə start verilib. 

“Report”un xəbərinə görə, MDB ölkələrinin dövlətlərarası humanitar əməkdaşlıq Fondunun dəstəyi ilə “Sever-Yuq” politoloji mərkəzi tərəfindən aprelin 2-də “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda təşkil edilən beynəlxalq konfransa Bakı Slavyan Universiteti ev sahibliyi edib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin sədrliyi ilə keçirilən konfransda Belarus Respublikası Milli Akademiyası Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç, Qırğızıstan Respublikası Perspektiv Tədqiqatlar Mərkəzinin direktoru, fəlsəfə elmləri namizədi Sergey Masaulov, Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova, rəsmi şəxslər, tarixçilər, politoloqlar iştirak ediblər.

Konfransı açıq elan edən BSU-nun rektoru, professor Asif Hacıyev iştirakçıları salamalayaraq konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Böyük Qələbə xalqların birgə mübarizəsi nəticəsində əldə olunub. Böyük Vətən müharibəsində qələbənin əldə olunmasına Azərbaycanın böyük töhfə verdiyini qeyd edən Ərəstun Mehdiyev bildirib ki, bu müharibə xalqımızın qəhrəmanlıq, igidlik salnaməsidir: “Müəyyən dövr ərzində bu tarixi hadisəyə fərqli yanaşılsa da, ümummili lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bu tarixi hadisəyə obyektiv münasibət ortaya qoyuldu. Hazırda ölkə başçısı İlham Əliyev də tez-tez müharibə veteranları ilə görüşür və onların problemləri ilə maraqlanır”.

Böyük Vətən müharibəsinin iştirakçısı Aleksandr Qritçenko çıxışında müharibə zamanı arxa cəbhədə vuruşan zəhmətkeş xalqların əziyyətini qeyd edərək qələbənin qazanılmasında Azərbaycanın rolundan danışıb.

İki bölmədən ibarət olan iclasın işini davam etdirən konfransın “Müharibə haqqında xatirələr” (“Müharibə xatirələri”) bölməsinə moderatorluğu Qərb Universitetinin professoru Fikrət Sadıqov və Lyudmila Kozlova, “KİV-də İkinci Dünya müharibəsinin obrazı” bölməsinə isə Sever-Yuq Siyasi Mərkəzinin icraçı direktoru, Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin baş müəllimi Yulya Yakuşeva və “Novosti Azerbaydjana” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə ediblər. Konfransda “Böyük Vətən müharibəsində qələbə - ümumi dəyərimiz”, “Böyük Vətən müharibəsi və insan taleləri”, “1941-1945-ci il Böyük Vətən müharibəsi qəhrəmanları”, “Faşizmlə mübarizədə Azərbaycan neftinin rolu” və sairə tarixi aktual mövzularda məruzələr səsləndirilib, müasir gənclərin siyasi tərbiyəsinin vacibliyi, habelə bütün Sovet İttifaqı xalqlarının qələbədə xüsusi rolu olduğu vurğulanıb.

Çıxış edən digər tərbir iştirakçıları da Böyük Vətən müharibəsini SSRİ xalqlarının böyük qələbəsi olduğunu vurğulayaraq bildiriblər ki, bu qəhrəmanlıq tarixini gənc nəslin daim diqqətinə çatdırmaq lazımdır.

Konfrans BSU nəzdində fəaliyyət göstərən Moskva Tədris və Mədəniyyət Mərkəzində təşkil edilmiş konsert proqramı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi