Bakıda biznes və insan hüquqları üzrə İşçi Qrupun toplantısı keçirilib

Bakıda biznes və insan hüquqları üzrə İşçi Qrupun toplantısı keçirilib Tədbirdə korporativ sosial məsuliyyət mövzusu müzakirə edilib
Daxili siyasət
1 İyul , 2015 19:09
Bakıda biznes və insan hüquqları üzrə İşçi Qrupun toplantısı keçirilib

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib.

"Report"un məlumatına görə, “Korporativ sosial məsuliyyət biznes və insan hüquqlarının mühüm elementi kimi” mövzusuna həsr olunmuş tədbirdə Milli Məclisin "deputatı, iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, İşçi Qrupunda təmsil olunan İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Vergilər, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Mərkəzi Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, habelə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, habelə QHT təmsilçiləri iştirak ediblər.

Ombudsman E.Süleymanova, ilk öncə, akademik Ziyad Səmədzadəni 75 illik yubileyi və bu günlərdə ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Şərəf ordeni”nə layiq görülməsi münasibətilə təbrik edib, alimə ünvanlanmış təbriki və xatirə medalını təqdim edib.

Z.Səmədzadə çıxış edərək korporativ sosial məsuliyyət mövzusunun yeni və aktual olduğunu diqqətə çatdırıb. Sahibkarlar tərəfindən insan hüquqlarına riayət olunması, pozuntu hallarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini zəruri hesab edən millət vəkili gələcəkdə problemlərin təhlili, həlli mexanizmlərinin təkmilləşdirilməsi baxımından bu cür tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Ombudsman çıxışında İşçi Qrupunun ötən müddət ərzində biznes və insan hüquqları sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib, təşkil edilmiş dəyirmi masaların aktual mövzulara həsr olunduğunu bildirib. O həmçinin Müvəkkilin və əməkdaşlarının bu sahədə keçirilmiş mühüm beynəlxalq tədbirlərə də qatıldığını, müvafiq təklif və tövsiyələrlə çıxış etdiklərini söyləyib.

Müvəkkil korporativ məsuliyyətin anlayışı, mahiyyəti barədə ətraflı məlumat verib. O, bu anlayışın biznes qurumlarının istehlakçılara, işçilərə və digər marağı olan şəxslərə münasibətdə sosial məsuliyyəti, korporativ idarəetməni, korporativ etikanı və ekoloji-sosial məsuliyyət kimi mühüm istiqamətləri ehtiva etdiyini bildirib.

Ombudsman biznes və insan hüquqları kontekstində korporativ sosial məsuliyyətlə bağlı beynəlxalq təcrübəyə nəzər yetirib, BMT-nin “Qlobal Müqavilə”si və bu qurumun İnsan Hüquqları Şurası tərəfindən təsdiq olunmuş “İnsan hüquqları aspektində sahibkarlıq fəaliyyətinin rəhbər prinsipləri”nin biznes və insan hüquqları sahəsində qəbul olunmuş beynəlxalq sənədlər üçün baza rolunu oynadığını, korporativ məsuliyyətlə bağlı mühüm beynəlxalq standartların və rəhbər normaların bu sənədlərdə öz əksini tapdığını vurğulayıb.

E.Süleymanova ölkəmizdə korporativ məsuliyyətin mahiyyətini müəyyən edən məsələlərin Azərbaycan Respublikasının qanunvericilik aktlarında və tövsiyə xarakterli digər sənədlərdə öz əksini tapdığını, buna baxmayaraq, qeyd edilən sahədə müvafiq normaları ehtiva edən vahid sənədin işlənib hazırlanmasının zəruriliyini nəzərə çatdırıb.

Müvəkkil korporativ sosial məsuliyyətin təbliğ edilməsinin əhəmiyyətindən söhbət açaraq, bu sahədə ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında, habelə 29 dekabr 2012-ci il tarixli “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında mühüm müddəaların, o cümlədən, korporativ məsuliyyət üzrə strategiyanın, dövlət proqramlarının hazırlanması, qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi, dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı işgüzar münasibətlərin inkişaf etdirilməsi, habelə müvafiq maddi-texniki bazanın gücləndirilməsininnəzərdə tutulduğunu qeyd edib.

Ombudsman eyni zamanda biznes qurumlarında qabaqcıl korporativ idarəetmə mexanizmlərinin tətbiq olunmasında mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Korporativ İdarəetmə Standartları”, “Korporativ Etika Məcəlləsi” kimi tövsiyə xarakterli sənədlər barədə də məlumat verib.

Tədbirdə “Biznes və insan hüquqları sahəsində beynəlxalq hüquqi sənədlərə ümumi baxış”, “Müəssisələrdə qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi, korporativ idarəetmə standartları”, “Bank sektorunda korporativ sosial məsuliyyət siyasəti və mövcud vəziyyət” barədə məruzələr dinlənilmiş, beynəlxalq hüquqi sənədlərin milli qanunvericiliyə implementasiyası və bu sahədə milli fəaliyyət proqramının işlənib hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Görüşdə İşçi qrupun gələcək fəaliyyət istiqamətləri də müzakirə olunub.

Sonda E.Süleymanova iştirakçılara əməkdaşlığın daha da genişləndirilməsini, əlaqəli çalışmağı, müzakirə olunan problemlərlə bağlı Ombudsmanın yenilənmiş saytında yerləşdirilmiş sənədlərlə, habelə Müvəkkilin təklifləri ilə tanış olmağı, bununla əlaqədar öz mülahizələrini bildirilməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi