Azərbaycan prezidenti ölkənin iki rayonuna səfər edib

Azərbaycan prezidenti ölkənin iki rayonuna səfər edib Dövlət başçısı YAP-ın İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib
Daxili siyasət
23 Sentyabr , 2014 09:13
Azərbaycan prezidenti ölkənin iki rayonuna səfər edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub. “Report”un xəbərinə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Heydər Əliyevin abidəsinin yerləşdiyi ərazidə - rayonun mərkəzi meydanında görülən işlər barədə dövlət başçısına məlumat verib.

İsmayıllıya səfəri çərçivəsində prezident İlham Əliyev Rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verib.

Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Prezident İlham Əliyev İsmayıllıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə və Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub.

Dövlət başçısı Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib.

İsmayıllı rayonuna səfərini başa çatdıran prezident İlham Əliyev Qəbələyə gedib. Dövlət başçısı burada bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə məlumat verib. Sonra prezident İlham Əliyev “Qafqaz Yengicə Termal Hotel və SPA” hotel kompleksinin açılışında iştirak edib.

Qəbələyə səfəri çərçivəsində Prezident İlham Əliyev Gilan-Qida Şəhərciyində də olub. Dövlət başçısına məlumat verilib ki, Gilan-Qida Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub.

Prezident İlham Əliyev Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxıb.

Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak edib.

Dövlət başçısı Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib. AMEA-nın müxbir üzvü və Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri İlyas Babayev prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi