​Azərbaycanda patent müvəkkillərinə şəhadətnamə müddətsiz veriləcək

​Azərbaycanda patent müvəkkillərinə şəhadətnamə müddətsiz veriləcək Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
27 May , 2016 10:20
​Azərbaycanda patent müvəkkillərinə şəhadətnamə müddətsiz veriləcək

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamə”də dəyişikliklər edib.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu Əsasnamə Azərbaycan ərazisində patent müvəkkillərinin peşə fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

Əsasnamədə edilən dəyişikliyə əsasən, patent müvəkkilinin attestasiyasının aparılması üçün ən azı 5 nəfərdən ibarət Attestasiya komissiyası təşkil olunacaq. Bundan əvvəl isə Attestasiya komissiyasının təşkil edilməsi ilə bağlı müddət nəzərdə tutulmamışdı.

Namizəd tərəfindən təqdim edilmiş sənədlər Attestasiya komissiyası tərəfindən qeydiyyata alınır. Sənədlər bu Əsasnamənin tələblərinə uyğun olmadıqda, namizədə 5 iş günü müddətində bildiriş göndərilir.

Namizəd bildirişi aldığı tarixdən 10 gün müddətində bildirişə cavabı və ya tələb olunan zəruri sənədləri Attestasiya komissiyasına təqdim etməlidir. Bildirişlə tələb olunan cavabı və ya sənədləri göstərilən müddətdə Attestasiya komissiyasına təqdim etməyən namizəd attestasiyaya buraxılmır.

Sənədlər Əsasnamənin tələblərinə uyğun olduğu halda namizədə 5 iş günü müddətində attestasiyaya buraxılması, attestasiyanın keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilir və ən geci 3 ay müddətində namizədin attestasiyası həyata keçirilir.

Attestasiya və səsvermə nəticəsində namizədin patent müvəkkili kimi attestasiyadan keçməsi və ya keçməməsi haqqında qərar qəbul olunur. Səsvermənin nəticələrinə dair qərar Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

Attestasiyanın nəticələrinə dair qərar bir nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri və Attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılır.

Attestasiyanın nəticələri səsvermədən sonra dərhal attestasiyadan keçən şəxsə bildirilir.

Şəxs il ərzində yalnız bir dəfə attestasiyadan keçmək üçün müraciət edə bilər.

Attestasiyadan keçən şəxslərə şəhadətnamə müddətsiz veriləcək.

Patent müvəkkili Dövlət reyestrində qeydə alındığı tarixdən fəaliyyət göstərmək hüququ əldə edir və bu barədə məlumat rəsmi bülletendə dərc olunur. Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı dövlət orqanlarından, fiziki və hüquqi şəxslərdən Apelyasiya şurasına etiraz və şikayətlər daxil olduqda və şikayətdə göstərilən hal Apelyasiya şurasının qərarı ilə təsdiq edildiyi halda, həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilmədikdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Apelyasiya şurasının qərarının ləğv edilməsi barədə şikayət təmin olunmadıqda, patent müvəkkili patent müvəkkillərinin dövlət reyestrindən çıxarılır. Əvvəllər isə patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı Apellyasiya şurasına etiraz və şikayətlər daxil olduqda, patent müvəkkili yenidən attestasiyadan keçirilirdi.

Patent müvəkkilinin fəaliyyətində nöqsanlara yol verilməsi ilə əlaqədar əsaslardan biri ilə patent müvəkkillərinin dövlət reyestrindən çıxarılmış şəxs 1 il müddətində növbəti attestasiyalarda iştirak edə bilməz.

Son xəbərlər

Orphus sistemi