Milli Məclis dəyişiklik layihəsini təsdiqlədi: Azərbaycanda hərbçilər dəfn edilən zaman tabutları dövlət bayrağı ilə örtüləcək

Milli Məclis dəyişiklik layihəsini təsdiqlədi: Azərbaycanda hərbçilər dəfn edilən zaman tabutları dövlət bayrağı ilə örtüləcək Milli Məclis Azərbaycanın hərbi qulluqçuların dəfn qaydalarının dəyişdirilməsi layihəsini təsdiqləyib
Daxili siyasət
18 Dekabr , 2015 13:25
Milli Məclis dəyişiklik layihəsini təsdiqlədi: Azərbaycanda hərbçilər dəfn edilən zaman tabutları dövlət bayrağı ilə örtüləcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclis Azərbaycanın hərbi qulluqçuların dəfn qaydalarının dəyişdirilməsi layihəsini qəbul edib. “Report” xəbər verir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihə barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib: “Məqsəd hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir.

Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət bayrağı ilə örtüləcək. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək”.

Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi