Azərbaycan və Hindistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Hindistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sujata Mehtanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Daxili siyasət
28 İyul , 2016 19:11
Azərbaycan və Hindistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sujata Mehtanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb və iki ölkə arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

XİN-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan və Hindistan arasında əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası müştərək komissiya və XİN-lərarası siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsi və bu layihələrin regionlarası əməkdaşlığa töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.

Səfər əsnasında Azərbaycan və Hindistan arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Hindistanı isə xarici işlər nazirinin müavini xanım Sujata Mehta təmsil edib.

Xələf Xələfov Azərbaycan ilə Hindistan arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib.

X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni-təhsil, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu deyib.

Parlament diplomatiyasının inkişafının əhəmiyyətinə toxunan X.Xələfov hər iki ölkənin parlamentariləri arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

Nazir müavini nəqliyyat və energetika sahəsində əməkdaşlıq haqqında danışaraq, regionda iriqmiyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın rolunu qeyd edib. O, Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. X.Xələfov həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə istifadəyə verilməsi barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan X.Xələfov sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkün olduğunu söyləyib.

Xanım Sujata Mehta ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olmasında Hindistanın da maraqlı olduğunu nəzərə çatdırıb. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, Hindistan şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Xüsusilə, kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə “İnformasiya Texnologiyaları Mərkəzinin yaradılması”nın mümkünlüyünü diqqətə çatdırıb. Həmçinin, o, alternativ enerji və əczaçılıq kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Xanım diplomat ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını diqqətə çatdırıb.

Sujata Mehta Hindistanın Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tam şəkildə dəstəklədiyini ifadə edərək, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə dinc yolla həllinə tərəfdar olduğunu bildirib. O, Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasında verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini xüsusilə qeyd edib.

Son xəbərlər

Orphus sistemi