Prezident İlham Əliyev: "Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək"

Prezident İlham Əliyev: "Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək" "Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcək"
Daxili siyasət
9 May , 2016 21:41
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaq. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcək.

"Report"un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.

“Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək”, - deyən dövlət başçısı vurğulayıb ki, ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.

“Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.

Son xəbərlər

Orphus sistemi