Aydın Mirzəzadə: "Mənim biznesimin olub-olmamasına maraq göstərilməsini çox sakit qarşılayıram"

Aydın Mirzəzadə: "Mənim biznesimin olub-olmamasına maraq göstərilməsini çox sakit qarşılayıram" "YAP üzvü olan deputatların fəaliyyəti bir daha öyrənilir və qiymətləndirilir"
Daxili siyasət
22 Aprel , 2015 09:09
Aydın Mirzəzadə: Mənim biznesimin olub-olmamasına maraq göstərilməsini çox sakit qarşılayıram

Bakı. 22 aprel. REPORT/ Hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadənin "Report"a müsahibəsi:

- Ötən beş ildə Milli Məclisin gördüyü işləri, qəbul olunan qanunları, qərarları, təklif olunan qanun layihələrini qənaətbəxş hesab edirsiniz?

- Milli Məclisin ötən beş ildə üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdiyi qənaətindəyəm. Parlament vaxtaşırı, gecikdirmədən büdcə layihələrinə baxıb, öz təkliflərini verib, onun daha rasional olmasına çalışıb və büdcənin yerinə yetirilməsi ilə bağlı hesabatları da işgüzar şəkildə müzakirə edib. Ölkənin vacib sənədlərindən biri büdcə layihəsidir. Digər tərəfdən parlamentin iclaslarında hökumətin, ombudsmanın, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun, bələdiyyələrlə iş üzrə məsul şəxsin hesabatları müzakirə edilib. Ötən beş il ərzində yüzlərlə yeni qanun qəbul edilib və bu qanunlar cəmiyyətin fəaliyyətinin müxtəlif sahələrini əhatə edir. Aktual olan bütün məsələlər bu qanunlarda əksini tapıb. Uzun müddət müzakirəsi gözlənilən "Təhsil haqqında" qanun qəbul edilib. Hazırda "Elm haqqında" qanun müzakirə olunur. Layihədə elmə həm dövlət dəstəyinin verilməsi, həm də elmin özünün sərbəst şəkildə fəaliyyəti üçün müvafiq strukturun formalaşdırılması və şərait yaradılması nəzərdə tutulub. Bir çox qanunlara yeni şəraitə uyğun olaraq dəyişiklilər edilib.

Parlament üzvləri öz seçiciləri ilə də çox sıx işləyiblər. Mənim tanıdığım və fəaliyyətlərindən məlumatlı olduğum bütün deputatlar vaxtaşırı öz seçiciləri ilə görüşürlər, onların problemlərini ya yerində həll edirlər, ya müvafiq qurumlar qarşısında qaldırırlar, bəzən isə həmin məsələlərin parlamentdə səsləndirilməsinə böyük ehtiyac olur. Deputatlar vaxtaşırı cəbhə xəttinə, ayrı-ayrı hərbi hissələrə baş çəkirlər, ordumuzun inkişafnın, yeni texnika ilə təchiz edilməsinin, torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarının şahidi olurlar. Eyni zamanda beynəlxalq tədbirlərdə və beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edirlər, xarici ölkələrə səfərləri zamanı Azərbaycanı layiqincə təmsil edirlər, xarici dövlətlərlə Azərbaycanın münasibətlərinin dərinləşməsinə, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfələrini veriblər. Hesab edirəm ki, Milli Məclis öz vəzifəsinin öhdəsindən gəlib. Qarşıdan gələn seçkilərdə hər bir seçici deputatların öz vəzifəsinə necə yanaşmasını nəzərə alaraq seçimini edə biləcək.

- Deputat olmaq necə hissdir?

- Bu ilk növbədə bir məsuliyyətdir. O baxımdan ki, üzərinə böyük bir yük düşdüyünü, səndən nə gözlənildiyini və nələri bu beş il ərzində etməyin vacibliyini özün üçün dərk edirsən. Milli Məclis üzvü üçün artıq istirahət günləri, bayram günləri deyilən bir anlayış yoxdur. İstənilən vaxt müraciət edə bilərlər, hər zaman cəmiyyətdə baş verən prosseslərlə bağlı münasibət bildirməlisən. Deputatlığın məsuliyyətini dərk etmək üçün seçilməmişdən əvvəl bunun üçün müəyyən bir həyat yolu keçməlisən. Öz hazırlığını, siyasi mövqeyini, dövlət üçün məsuliyyətini ortaya qoymalısan, daim öz üzərində işləməlisən. Amma parlamentə gəldiyin səviyyədə, həmin bilik və bacarıqla, dünya görüşlə beş il deputat kimi fəaliyyət göstərmək qeyri mümkündür. Gərək daim öz üzərində işləyəsən, siyasi məlumatlarını artırasan. Müxtəlif sahələrin mütəxəssisləri ilə sıx işləmək lazımdır. Qarşıda duran məsələləri daim gündəmdə saxlamalısan və bu məsələlərin həllində öz töhfələrini verməlisən. Ən vacib məsələlərdən biri isə seçicilərlə sıx əlaqə saxlamalısan, onların maraqlarını müdafiə etməlisən, həmçinin sənin fəaliyyətnin seçici və dövlət üçün dəyərli olduğunun fərqinə varmalısan. Eyni zamanda bunun belə olduğunu hər bir seçicin bilməlidir.

- Siz hakim Yeni Azərbaycan Partiyasının funksionerisiniz. Təmsil etdiyiniz partiyanın növbəti parlament seçkilərində qələbəsini əsaslandıran hansı amilləri qeyd edə bilərsiz?

- Hazırda parlamentdə YAP-ı təmsil edən 66 deputat var. Eyni zamanda bizə müttəfiq olan, üzvləri bizə hörmət bəsləyən partiyaları təmsil edən və bitərəf deputatlarla birlikdə işləyirik. YAP qarşıdan gələn parlament seçkisinə çox fəal hazırlaşır. Ötən prezident və bələdiyyə seçkilərində qazandığımız təcrübəni daha da zənginləşdirərək növbəti parlament seçkilərində iştirak etmək fikrindəyik. İlk növbədə həmin 66 deputatın hər birinin fəaliyyəti bir daha öyrənilir və qiymətləndirilir. Şübhəsiz ki, ehtimadı doğruldanların, cəmiyyətdə nüfuzu olanların parlament seçkilərində namizədliyi yenidən irəli sürüləcək. Eyni zamanda, yeni simaların da önə çəkilməsi, YAP-ın namizədləri arasında gənclərin, ziyalıların, qadınların da olması mümkündür. Biz hesab edirik ki, qarşıdan gələn parlament seçkilərində YAP yenidən qalib gələcək. Partiyamızın lideri, Prezident İlham Əliyevin uğurlu siyasəti YAP-ın parlament seçkisində qalib gələcəyinə əminlik yaradır.

YAP rəhbərliyi və müvafiq strukturları partiyanı təmsil edən deputatların fəaliyyətinə daim diqqət yetirir. Onların seçicilərlə necə işlədiyini, hansı məsələləri qaldırdıqlarını yaxud qaldırmalı olduğunu vaxtaşırı müzakirə edir, fikir mübadiləsi aparılır. Biz cəmiyyətdə nüfuzu olan, cəmiyyətin problemlərini gündəlikdə saxlayan və onun həllinə çalışan deputatların namizədliyini yenidən irəli sürmək fikrindəyik. Hazırda YAP -ın bütün Azərbaycan coğrafiyasını əhatə edən rayon və şəhər təşkliatları, bütün yaşayış məntəqələrində yerli özəkləri vardır. Bizim 660 000-ə qədər üzvümüz var. YAP-a hər il təqribən 20 min yeni üzv qəbul olunur, partiyamızın sıraları genişlənir. Yeni üzvlər arasında cəmiyyətin bütün təbəqələrinin nümayəndələri var.YAP üzvlərinin təqribən 45 faizi qadınlardır. Gənclər partiyamıza böyük maraq göstərirlər. Şübhəsiz ki, bütün bunların hamısı, qarşıdan gələn seçkidə bizim uğurumzu mütləq edir.

- Müsahibə və çıxışlarınızda Azərbaycanda güclü iqtidarın olduğunu deyirsiz. Bəs, iqtidarı güclü olan ölkədə müxalifət nə dərəcədə güclü və effektli olmalıdır?

- Politologiyada belə bir anlayış var ki, güclü iqtidarın güclü müxalifəti olmalıdır. Mən bu fikirlə razı deyiləm. Hər ikisi güclü olduqda "pat" vəziyyəti, bərabərlik yaranır və ölkə idarəolunmaz bir vəziyyətə çatır. Hakimiyyətə gələn siyasi qüvvə müxalifətdən qat-qat güclü, daha geniş və böyük imkanlara, resurslara malik olmalıdır. Müxalifətin fəaliyyəti isə mütləq səmərəli olmalıdır. Çünkü biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Hakimiyyətin fəaliyyətinə kənardan qiymət verən, fərqli düşünən, bəzi şeylərlə razılaşmayan və ya yeni bir fikir irəli sürən siyasi qüvvələr olmalıdır. Bu dövlətin yaşamasının vacib şərtlərindən biridir. Mən hesab edirəm ki, müxalifət güclü deyil səmərəli olmalıdır. Əgər iqtidar işləməsə və zəifləsə, müxalif qüvvələr sosial bazasını genişləndirə və müxalifət o zaman güclü ola bilər. İqtidar güclüdürsə, işləyirsə, üzərinə düşən vəzifələri yerinə yetirirsə cəmiyyətin əksəriyyəti onun tərəfində olacaq və müxalifətin sosial bazası zəifləyəcək. Burada söhbət səmərəlilikdən gedir. Səmərəlilik ilk növbədə obyektiv yanaşmadır, vətənpərvərlikdir, bu və ya digər məsələlərə dair özünün təkliflərini irəli sürməkdir.Çox təəssüf ki, özünü müxalifət adlandıran qüvvə hakimiyyəti tənqid edir, amma alternativ proqram ortaya qoymur. Belə aydın olur ki, bu artıq populist tənqiddir. Onun hakimiyyətin siyasi xəttini əvəz edəcək alternativ təklifi yoxdur. Eyni zamanda, günün tələbləri ilə ayaqlaşmayan, müasir dünyagörüşündən uzaq olan müxalifətin təkliflərini əlbəttə ki, cəmiyyət dəstəkləyə bilməz. Əvvəla, demokratik dövlətdə yaşadığımıza görə müxalifət olmalıdır, onun fəaliyyəti konstitusiya və qanunlar çərçivəsində olmalıdır. İkincisi isə müxalifət özünün real təklifləri, yaradıcı layihələri ilə gündəmdə olmağı bacarmalıdır. Əgər bu yoxdursa onların fəaliyyəti radikallıqdır, ifrata varmaqdır və bu artıq dərnək müxalifətçiliyidir.

- İki dəfə İqtidar-müxalifət dialoqu keçirilib. Bunun Azərbaycan cəmiyyəti üçün əhəmiyyəti nədən ibarətdir? Bu görüşlərdə bəzi müxalif siyasi partiyaların iştirak etməməsinə münasibətiniz necədir?

- Həmin partiyalar bir müddət əvvəl Azərbaycan iqtidarını dialoq şəraitini yaratmamaqda ittiham edirdilər. Dialoq təkcə görüş deyil, cəmiyyətdəki mühitdir, müxtəlif siyasi qüvvələrin öz fikirlərini bildirmək imkanı əldə etməsidir. Azərbaycanda daim belə imkan olub. Eyni zamanda vaxtaşırı dəyirmi masalar arxasında görüşlər də keçirilib. Son dövrlərdə isə bu görüşlərin müntəzəm keçirilməsi qərara alınıb. Onlar bu dialoqda iştirak etməməklə özlərini orijinal göstərməyə çalışırlar. Amma nə cəmiyyət, nə də iqtidar onların dialoqlarda iştirak etməmələrindən heç nə itirmir. Əvvəla, onlara tribuna verilir, lakin bundan imtina edirlər. Digər tərəfdən cəmiyyət iqtidarla müxalifət arasında dialoqun olmasına tərəfdardır. Bəzi müxalifət partiyaları dialoqdan imtina etməklə cəmiyyətin müəyyən hissəsinin dəstəyindən məhrum olurlar. Öz kabinetlərindən çıxmadan, cəmiyyətin düşündüyü fikirləri öyrənmədən özünü müxalifət adlandırmaq özünün sonunu yaxınlaşdırmaqdan başqa bir şey deyil. Kimin nə deməsindən asılı olmayaraq bu dialoq var və bundan sonra da olacaq. Bu prosesdə iştirak edib-etməmək isə artıq hər kəsin öz seçimidir.

- Aydın müəllim, bir deputat kimi Mingəçevirdə hansı işləri görmüsüz? Hansı işlərin görülməsinə ehtiyac var?

- Mən mingəçevirliyəm, orada anadan olmuşam, uzun müddət orda yaşamışam və hazırda çoxlu sayda qohum-əqrəbam orada yaşayır. Şəhər əhalisinin azı yarısı ilə ya bir yerdə işləmişəm, ya birlikdə oxumuşam və ya da şəxsən tanışam. Bütün deputatlığım dövründə mənim qapılarım hər zaman seçicilərim üçün açıq olub. Hətta mobil telefon nömrələrimi bilir və istənilən problemlə bağlı şəxsən mənimlə əlaqə saxlayırlar.

İki aydan bir Mingəçevirdə seçicilərimlə görüşürəm, onları qəbul edirəm. Qəbullarımda 40 nəfərdən 100 nəfərə qədər seçici iştirak edir. Mənimlə görüşmək üçün əvvəldən yazılmağa ehtiyac yoxdur və mövzu məhdudiyyəti də qoyulmur. Mənim qəbuluma ətraf rayonlardan belə gələnlər olur, onları da dinləyirəm və bir çox məsələlər yerində həllini tapır, bir qismini nəzarətə götürürəm, elə problemlər olur ki, müxtəlif qurumlarda, nazirliklərdə məsələ qaldırıram. Seçicilərimin problemlərinə həmişə diqqətlə yanaşmağa çalışıram. Heç vaxt Mingəçevirdə icra hakimiyyətini, hüquq-mühafizə orqanlarını və ya hansısa bir təşkilatı əvəz etmək fikrində olmamışam, əksinə onlarla birlikdə işləyərək müəyyən məsələləri həll etmək istiqamətində çalışmışam. Mingəçevir sənaye şəhəri statusunu itirmədi, baxmayaraq vaxtı ilə eksperiment şəhər kimi salınmışdı və şəhərdə olan 15-ə qədər iri müəssisənin hamısı birbaşa Moskvaya, ümumittifaq nazirliklərinə tabe idi. SSRİ dağıldıqdan sonra həmin müəssisələrin bir çoxunun qapısı bağlandı. Çünki bazarlarını itirdilər. Onların istehsal etdikləri məhsullar Azərbaycan bazarının tələbatına uyğun olmayan məhsula çevrildi. Apardığımız işlər nəticəsində bu gün Mingəçevirdə yeni müəssisələr açılır, yerli biznesin inkişafı üçün şərait yaradılır. Artıq illər keçdikcə Mingəçevirdə iş yerlərinin sayı artır. Mən Mingəçevirin problemlərindən həmişə xəbərdar olmuşam və qarşıya çıxan çətinlikləri həll etməyə çalışmışam.

- Payızda keçiriləcək parlament seçkisində Aydın Mirzəzadənin adı YAP-ın namizədləri siyahısında olacaqmı?

- İlk növbədə onu deyim ki, YAP-ın növbəti parlament seçkilərindəki namizədlərinin siyahısında özünü doğrultmuş indiki deputatların, eyni zamanda öz fəaliyyəti və nüfuzu ilə hörmət qazanan gənc siyasətçilərin olmasını arzulayıram. YAP-ın deputatlığa namizədləri siyahısında olmağım isə bir o qədər də vacib deyil. Mənim orada olmağım partiyadakı dostlarımın qərarı ola bilər.

- Bəzi mətbuat orqanları sizin Mingəçevirdə böyük biznesinizin, restoran və şadlıq sarayınızın olduğunu yazır. Bunlar nə dərcədə doğru məlumatlardır?

- Mənim şəxsi biznesim yoxdur. Amma qohumlarımın bəziləri biznes sahəsində çalışırlar. Açıq deyim ki, bəzən seçicilərimin hər hansı problemini həll edəndə əsas yükü biznes fəaliyyəti ilə məşğul olan qohumlarımın üzərinə salıram. Bu baxımdan kimlərinsə mənim biznesimin olub-olmamasına maraq göstərməsini çox sakit qarşılayıram.

- "Facebook" da fəal deputatlardansız. Digər həmkarlarınıza da bunu məsləhət görərdinizmi?

- Artıq mənim həmkarlarımın bir çoxu sosial şəbəkələrdən istifadə edir. Onlar öz fikirlərini yazırlar, müxtəlif məsələlərə münasibət bildirirlər. Sosial şəbəkədə olub-olmamaq hər kəsin şəxsi seçimidir. Ancaq sosial şəbəkə günün tələbidir və hesab edirəm ki, hələ uzun müddət cəmiyyətin tələbi olaraq qalacaq. İnsanlar fikirlərini bölüşməkdə, fəaliyyətləri barədə məlumat verməkdə maraqlıdırlar. Eyni zamanda bu gün insanlar üzdə olan adamlar barədə məlumatları da sosial şəbəkələrdən rahat şəkildə əldə edə bilirlər. Sosial şəbəkələrdən çəkinmək yox, orada fəal olmaq lazımdır. Şübhəsiz ki, burada etik qaydaları gözləmək çox vacibdir.Bəzən insanlar mənə sosial şəbəkələrdə deputat kimi müraciət edirlər.

- Son zamanlar siyasətçilərin, dövlət xadimlərinin müsahibələri sosial şəbəkələrdə və xəbər portallarının şərh bölmələrində geniş müzakirələrə səbəb olur. Bunu necə qiymətləndirirsiniz?

- Bu onların hüququdur və informasiya yaymaqda sərbəstdirlər. Gərək müsahibə verən sualları cavablandıranda ehtiyatlı olsun. Yaxşı olardı ki, onlar əsas məsələlərə diqqət etsinlər. İkinci, üçüncü dərəcəli məsələləri qabartmasınlar. Bu isə jurnalistin profesionallığından, onun müsahiblə işləmək bacarığından asılıdır. Hər bir jurnalist məsələni necə yazmasından, necə şərh etməsindən və onu hansı formada qabartmasından asılı olaraq cəmiyyətdə öz qiymətini alır.

Son xəbərlər

Orphus sistemi