Polis Akademiyasında 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunan mərasim keçirilib

Polis Akademiyasında 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunan mərasim keçirilib Mərasim başa çatdıqdan sonra Polis Akademiyasının müdavimləri üçün 400 yerlik yataqxana binasının açılışı olub
Daxili siyasət
2 İyul , 2015 16:19
Polis Akademiyasında 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunan mərasim keçirilib

Bakı. 2 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Polislərin peşə bayramına və 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunan mərasim keçirilib.

"Report"un məlumatına görə, mərasimdə general-polkovnik Ramil Usubov, nazir müavinləri, aidiyyəti xidmət rəislərinin, yerli icra, hüquq-mühafizə orqanları rəhbərləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və millət vəkilləri iştirak edib.

Tədbirdə R.Usubov Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisələr münasibətilə təbrik edib.

Nazir bildirib ki, Azərbaycanın müstəqillik illərində polis və Daxili Qoşunlar asayişi və daxili təhlükəsizliyi cəsarətlə qoruyub, ən çətin anlarda Vətənə sədaqətlə xidmət ediblər: "Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaətə və igidliyə görə 67 nəfər «Milli Qəhrəman» adına, 1143 nəfər orden və medallara layiq görülüb. Sonrakı illərdə də daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyəti gərgin olub. Təkcə onu demək kifayətdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 95 polis əməkdaşı həlak olub, 2514 nəfər xəsarət alıb".

Nazir qeyd edib ki, 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəlib, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azalıb.

R.Usubov beş il Polis Akademiyasında mükəmməl təhsil almış, müxtəlif biliklərə yiyələnmiş, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçmiş müdavimlərə aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq etmələrini, qabaqcıl təcrübədən yararlanmalarını, yenilikləri mənimsəmələrini, dünyagörüşlərini və peşəkarlıqlarını daim artırmalarını, xalqa sədaqətlərilə polis adını həmişə uca tutmalarını tövsiyə edib. O deyib ki, vətəndaşlarımız polisin peşəkarlığına, qətiyyətinə güvənir və öz hüquqlarının qorunmasını ona etibar edir.

Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş iki məzuna - Cavid Mirzəliyə və Yusif Hüseynova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Əlaçı məzun Şahin Qasımov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Mərasim başa çatdıqdan sonra Polis Akademiyasının müdavimləri üçün 400 yerlik yataqxana binasının açılışı olub.

İnşasına 2013-cü ildə başlanılan, ən müasir standartlara uyğun tikilən, ümumi sahəsi 9600 kvadratmetr olan 6 mərtəbəli və ikibloklu yataqxana binasında 150 otaq, o cümlədən 133 yataq otağı, 3 oxu zalı, 6 məişət otağı və digər yardımçı sahələr var. Bina bütün zəruri mərkəzləşdirilmiş mühəndis kommunikasiya qurğuları, o cümlədən su, istilik, kondisioner və havalandırma, elektrik, rabitə sistemləri ilə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi