14 yaşı tamam olmuş şəxslər Azərbaycana sadiq qalacağı barədə and içəcək

14 yaşı tamam olmuş şəxslər Azərbaycana sadiq qalacağı barədə and içəcək Bu barədə qərar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda yer alıb
Daxili siyasət
30 Dekabr , 2014 13:25
14 yaşı tamam olmuş şəxslər Azərbaycana sadiq qalacağı barədə and içəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslər Azərbaycanın dövlət dilində Azərbaycana sadiq qalacağı barədə and içəcək. "Report" xəbər verir ki, bu barədə müddəa “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda yer alıb.

Dəyişiklik barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna əlavə edilən 15.1-ci yeni maddəyə görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir:

“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.

Dəyişikliyə əsasən andiçmə təntənəli şəraitdə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi