​Zakir Həsənov: "Məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir"

​Zakir Həsənov: "Məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir" Müdafiə naziri cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında çıxış edib
Qarabağ
11 Mart , 2016 00:01
​Zakir Həsənov: Məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qurum rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.

Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib:

"Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində biz bu gün növbəti hərbi şəhərciyin açılışında iştirak edirik. Cari ildə ilk yeni tikilmiş və bütün infrastrukturla təmin olunmuş hərbi hissənin açılışını həyata keçiririk. Bu quruculuq işləri və orduda həyata keçirilən islahatlar mərhələli surətdə davam etdiriləcək.

Planlaşdırdığımız kimi ötən il ərzində on hərbi şəhərciyi istifadəyə verdik. Bu il də plana uyğun olaraq ondan çox müasir hərbi şəhərciyin inşa edilib şəxsi heyətin istifadəsinə verilməsini nəzərdə tutmuşuq".

Z.Həsənov xüsusi olaraq qeyd edib ki, dövlət Silahlı Qüvvələrin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Onun sözlərinə görə, hazırda ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir.

Nazir ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işinin bu il də davam etdiriləcəyini diqqətə çatdırıb:

Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə-gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir. Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənin başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir. Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik.

Mən bütün şəxsi heyəti yeni hərbi şəhərciyin açılışı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Əminəm ki, əsgər və zabitlərimiz Azərbaycan xalqının, ölkə rəhbərliyinin etimadını doğruldacaq, döyüş hazırlığını yüksək səviyyədə nümayiş etdirməklə qələbəmizi yaxınlaşdıracaq".

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.

Hərbi hissədə fəaliyyət göstərən çörəkbişirmə sexi ilə də tanış olan nazir, çörəyin istehsal şəraiti, keyfiyyəti ilə maraqlanıb və burada çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

Sonda hərbi hissəyə xatirə olaraq ərazidə çinar ağacları əkilib.

Son xəbərlər

Orphus sistemi