XİN: Ermənistan girov götürülmüş vətəndaşlarımızın azad olunması məsələsində qeyri-konstruktiv siyasət həyata keçirir

XİN: Ermənistan girov götürülmüş vətəndaşlarımızın azad olunması məsələsində qeyri-konstruktiv siyasət həyata keçirir "Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törətmiş Ermənistanın hərbi diktatura rejimindən hər hansı humanizm gözləməyə də dəyməz"
Qarabağ
26 Fevral , 2015 15:26
XİN: Ermənistan girov götürülmüş vətəndaşlarımızın azad olunması məsələsində qeyri-konstruktiv siyasət həyata keçirir

Bakı. 26 fevral. REPORT.AZ/ "Danışıqlar prosesində olduğu kimi, girov götürülmüş vətəndaşlarımızın azad olunması məsələsində də Ermənistan tərəfindən tamamilə qeyri-konstruktiv və humanizmdən kənar siyasət həyata keçirilir". Bu barədə "Report"a Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın çıxışını şərh edərkən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törətmiş Ermənistanın hərbi diktatura rejimindən hər hansı humanizm gözləməyə də dəyməz: "İlk növbədə Ermənistanın xarici işlər naziri bu suala cavab verməlidir ki, hansı əsasla soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər? İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu tamamilə qeyri-qanuni olduğu halda, onlar tərəfindən mülki şəxslərin girov götürülməsi və xüsusi amansızlıqla işgəncələrə məruz qoyulması beynəlxalq humanitar hüququn növbəti dəfə kobud şəkildə pozulması halıdır. Teatr səhnəsi formasında onlar üzərində təşkil olunan qurama məhkəmənin isə heç bir hüquqi əsası yoxdur və ola da bilməz".

H.Hacıyev deyib ki, Nalbandyan məsələyə bu şəkildə müdaxiləsi ilə əslində qondarma rejim pərdəsi arxasında gizlənməyə çalışan Ermənistanın məsuliyyətini bir daha sübut edir.

Onun sözlərinə görə, girov azərbaycanlıların azad edilməsi üçün beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək.

Qeyd edək ki, fevralın 25-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxışında bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevla bağlı "cinayət işi" başa çatıb və onların "günahları sübüt olunub".

Ermənistan mətbuatının məlumatına görə, D.Əsgərov və Ş.Quliyevlə bağlı "apelyasiya məhkəməsi"nin "qərarı" martın 10-da açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi