XİN başçısı: "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir"

XİN başçısı: "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir" "Azərbaycan böyük sülh müqaviləsinin üzərində işə başlamağa hazırdır"
Qarabağ
4 Dekabr , 2014 13:56
XİN başçısı: Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir

Bakı. 4 dekabr. REPORT.AZ/ "Təəssüf ki, ATƏT ərazisindəki həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə hələ də əsas təhlükədir. ATƏT-in vasitəçilik imkanlarının gücləndirilməsi Helsinki Yekun Aktının əsas prinsiplərinin selektiv təfsirinə və ATƏT iştirakçısı olan dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinə qarşı ciddi müqavimətlə müşayiət olunmalıdır. "Report" xəbər verir ki, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bazeldə ATƏT XİNŞ iclasında çıxışı zaman bildirib.

Nazir deyib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq 4 qətnaməsinə açıq-aşkar hörmətsizlik olaraq qalmaqda davam edir: 

"Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Uels və Parisdə keçirilən sonuncu danışıqlarından sonra Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində irimiqyaslı təxribatçı hərbi təlimlər həyata keçirdi. Hər üç görüşdə sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə müəyyən müsbət işarələr var idi. Ermənistan tərəfindən belə təxribatçı güc nümayişi bu danışıqların ruhuna, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin səylərinə uyğun gəlmir və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan ərazilərindən çıxarılmasının siyasi həllinə nail olunması istiqamətində etimadın qurulmasına mənfi təsir göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı hərbi heyət və texnikanın cəlb edilməsi ilə keçirilmiş Ermənistanın bu irimiqyaslı hərbi təlimləri ilə bağlı narahatlıqlarını ifadə etmişlər. Ermənistanın bu kimi hərbi təlimləri təkcə vasitəçilərin sülh danışıqlarında irəliləyiş əldə etməsinə maneçilik cəhdi kimi deyil, eyni zamanda ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir.

Azərbaycan dəfələrlə bəyan edib və mən də bunu bir daha təkrar edirəm ki, hər an gözlənilməz nəticələrə yol aça biləcək gərginlik potensialı ilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir.

Ermənistan hökuməti dərk etməlidir ki, hərbi təcavüz nəticəsində güc tətbiqi ilə əldə olunmuş status-kvoya arxalanmaq ciddi səhvdir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin öz doğma yurd-yuvalarından etnik təmizlənməsi həll yolu deyil və heç vaxt Ermənistanın arzu etdiyi siyasi nəticəni verməyəcəkdir. Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması etimadın qurulması üçün önəmli addım olacaq və sülh prosesinin gedişatını tamamilə dəyişəcək və Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar yaradacaq.

Sonda, Paris sammitində Prezident Fransua Oland, həmçinin Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəklənən və çağırış edilən sülh sazişinin tərtib edilməsinə Azərbaycanın hazır olduğunu bir daha vurğulamaq istərdim. Bizim hamımız Ermənistanı bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməyə çağırmalıyıq".

Son xəbərlər

Orphus sistemi