​Türkiyənin Xocalı soyqırımı meydanında anım mərasimi keçirilib

​Türkiyənin Xocalı soyqırımı meydanında anım mərasimi keçirilib Tədbirdə Cəmil Çiçəkin erməni vəhşiliyini pisləyən mesajı oxunub
Qarabağ
28 Fevral , 2015 06:55
​Türkiyənin Xocalı soyqırımı meydanında anım mərasimi keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü il dönümü ilə bağlı səfirlik tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində cari ilin 26 fevral tarixində Ankaranın Keçiören rayonunda yerləşən Xocalı soyqırımı meydanında anım tədbiri keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, açıq havada həyata keçirilən geniştərkibli tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəkin erməni vəhşiliyini pisləyən mesajı oxunub.

Ardından, Keçiören rayon bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Səfirliyin müşaviri Ceyhun Zeynalov, millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədov, Xocalı şəhəri sakini Ramiz Qəhramanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Haluk İpək və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar çıxış etmişdirlər. Çıxışlar müddətində, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının miqyası və təsirinin gündən-günə genişləndiyi, Xocalıda törədilən cinayətin bir daha dünyanın heç bir yerində yaşanmaması üçün günahsız insanlara qarşı soyqırımı törədən erməni faşistlərinin cəzalarını çəkmələri və ermənilərin qondarma soyqırımı yalanları əsasında Türkiyəni ittiham edən dairələrin 23 il əvvəl törədilən əsl soyqırımına göz yumduğuna dair məqamlar vurğulanmışdır.

Tədbirdə, Səfirliyimizin əməkdaşları, Ankarada təhsil alan tələbələrimiz, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri və Keçiören rayon sakinləri iştirak ediblər.

Tədbir zamanı TRT AVAZ telekanalı vasitəsilə həyata keçirilən canlı efirdə Ərəstun Mehdiyev, Qənirə Paşayeva və Nəcdət Ünüvar Xocalıya həsr olunmuş proqramda iştirak edərək Azərbaycan xalqına qarşı törədilən soyqırımın dəhşətləri, onun dünya birliyi tərəfindən tanınmasına dair fikirlər və mülahizələrini bölüşüblər.

Səfirlik tərəfindən eyni gün ərzində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi universiteti və Səfirliyin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı "Soyqırımın unudulmayan adı: Xocalı" sərlövhəli geniştərkibli anım tədbiri keçirilib.

Geniştərkibli tədbir Xocalı Soyqırımı qurbanlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkə himnlərinin səsləndirilməsinin ardından başlayıb.

Tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, millət vəkili Elman Məmmədov, Səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Xocalı sakini Rahilə Quliyeva Qazi Universitetinin prorektoru Cengiz Dəmirəl, universitetin Tələbə İctimai Birliyinin sədri Murat Gürbüz və incəsənət fakültəsinin dekanı Alev Kuru çıxış edərək Xocalı Soyqırımı haqqında auditoriyaya əsaslı məlumatlar vermiş, ölkəmizə qarşı tarix boyu davam edən erməni təcavüzlərinin gerçək mahiyyətindən söz açıblar.

Daha sonra Qazi Universitetinin incəsənət fakültəsinin Xocalı soyqırımı ilə bağlı yaratdığı www.ermenizulmu.com saytı haqqında video slaydının nümayişi həyata keçirilmişdir. Ardından, həmin fakültə və Səfirlik tərəfindən Xocalı soyqırımı ilə bağlı təşkil olunan və 12 ölkədən 154 əsərin sərgiləndiyi “Hər kəs yuxudaykən Anadoludan Qafqazadək erməni zülmü” adlı beynəlxalq afişa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbirin rəsmi hissəsinin ardından qeyd olunan afişa sərgisi tədbir iştirakçılarına açıq elan edilib.

Tədbirdə Qazi universitetinin professor və müəllim heyəti, çox sayda ictimai-siyasi xadim, Ankarada təhsil alan tələbə və kursantlarımız, Səfirliyin əməkdaşları, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri, diaspor nümayəndələrimiz iştirak edib.

Son xəbərlər

Orphus sistemi