Türkiyədə Xocalı Şəhidləri Abidəsinin açılışı olub - FOTO

Türkiyədə Xocalı Şəhidləri Abidəsinin açılışı olub - FOTO Abidənin inşası Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib
Qarabağ
23 Aprel , 2015 02:19
Türkiyədə Xocalı Şəhidləri Abidəsinin açılışı olub - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Xocalı Şəhidləri Abidəsinin açılışı olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, hər iki ölkədən olan ictimaiyyətin görkəmli nümayəndələri, elm və sənət adamları, mədəniyyət xadimləri, QHT rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

İştirakçılar üzərində “İşğalçı ordu Qarabağdan dəf olsun!”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımını törədənlərə bəraət yoxdur!” kimi yazılar olan plakatlarla abidənin ətrafına toplaşıblar. Ermənistanın işğalçı siyasətini ittiham edən şüarlar səsləndirilib.

Məlumat verilib ki, Xocalı Şəhidləri Abidəsi Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən inşa olunub.

Açılış mərasimində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, TADEF-in sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədri Nevzət Doğan və başqaları çıxış ediblər. Ermənilərin zaman-zaman Azərbaycan və Türkiyəyə qarşı törətdikləri ağır cinayətlərdən bəhs edən natiqlər qeyd ediblər ki, ermənilər cinayətlərini ört-basdır etmək üçün uydurma “erməni soyqırımı” mövzusunu ortaya atıblar.

Diqqətə çatdırılıb ki, əhalisi səfalət içərisində olan Ermənistan və erməni millətçi təşkilatları Azərbaycan və Türkiyəyə qarşı əsasız iddialarını gerçəkləşdirmək iqtidarında deyillər. Bütün bu əməllər ermənilərə havadarlıq etməklə onlardan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək istəyən qüvvələrin işidir.

Çıxışlarda qeyd olunub ki, saxta “erməni soyqırımı” mövzusu ilə dünya ictimaiyyətini aldatmağa cəhd edənlər Xocalı soyqırımını törədən Ermənistan dövlətinin hərbi cinayətlərinə ədalətli münasibət bildirsələr bu yanaşma dünyada sülh və əmin-amanlıq yaratmaq üçün faydalı olar.

Bu abidənin qurulması Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı ermənilərin iç üzünü, əsl xislətini bir daha açıb dünyaya göstərdi və uzun illərdən bəri törətdikləri bəşəri cinayətlərin real təsdiqi kimi yaddaşlara həkk olundu.

Sonra abidənin açılışı oldu. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu.

Son xəbərlər

Orphus sistemi