Səməd Seyidov AŞPA sədrinə məktub ünvanlayıb

Səməd Seyidov AŞPA sədrinə məktub ünvanlayıb Deputat: "Təcavüzkarla yumşaq davranmağın nəticəsi heç vaxt yaxşı olmur"
Qarabağ
4 Aprel , 2016 18:05
Səməd Seyidov AŞPA sədrinə məktub ünvanlayıb

Bakı. 4 aprel. REPORT.AZ/ "Əminəm ki, son hadisələrlə bağlı sizin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, işğalçı hərbi birləşmələrin qeydsiz-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı bəyanatınız AŞPA-ya bu məsələdə təşəbbüsü yenidən öz əlinə almağa imkan verəcək və yaranmış vəziyyəti hələ ki, düzgün qiymətləndirə biləcək erməni siyasətçilərini məsuliyyətli olmağa çağıracaq". "Report"un Milli Məclisin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramunta ünvanladığı məktubda qeyd olunub.

S.Seyidov deyib ki, erməni təbliğatının Azərbaycanın müharibəyə başlamaq istəyi ilə bağlı təxribatçı məlumatları tamamilə həqiqətə uyğun deyil: "Həqiqət isə budur ki, ermənilərin növbəti hərbi avantürası zəif və müdafiəsiz dinc əhalinin reaksiyası ilə deyil, bu gün Azərbaycanın sahib olduğu güclü ordu ilə qarşılaşıb. Biz erməni işğalçı birləşmələrini nəinki yerinə oturtmaq, hətta işğal olunmuş Azərbaycan torpaqlarını tamamilə azad etmək iqtidarındayıq. Ancaq münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğumuz üçün bunun sübutu kimi, atəşin birtərəfli qaydada dayandırılması barədə qərar vermişik ki, kimin hələ də atəşi davam etdirdiyi aydın olsun.

Bir şeydən də əminəm ki, təcavüzkarla yumşaq davranmağın nəticəsi heç vaxt yaxşı olmur. Cinayətkarla oynamağın axırı həmişə faciəyə çevrilir. AŞPA-nın yanvar sessiyasında Volterin hesabatı rədd edilən zaman erməni militarizminin əl-qolu açıldı, baş verənlər onlara hər şeyin icazə verildiyinə və cəzasız qalacaqlarına inam yaratdı".

Deputat xatırladıb ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycana məxsus əraziləri, o cümlədən Dağlıq Qarabağı işğal etmiş erməni silahlı birləşmələri cəbhə xəttində Azərbaycanın dinc əhalisinə qarşı növbəti təxribatçılıq əməli törədiblər: "Dünya ictimaiyyəti bilməlidir ki, ermənilərin dinc əhaliyə qarşı davamlı təxribatçı əməlləri azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə dinc yaşamalarının mümkünsüzlüyü barədə fikir formalaşdırmaq məqsədi daşımaqla yanaşı, həm də bütün beynəlxalq vasitəçilərin də dəyişdirilməsinin tərəfdarı olduğu mövcud status-kvonu saxlamaq niyyəti güdür.

Bu cinayətkar təxribatın vaxtı və tarixi təsadüfi seçilməyib. AŞPA-nın yeni rəhbərliyinin və Azərbaycan Prezidentinin birgə səyləri nəticəsində erməni lobbisi tərəfindən süni şəkildə yaradılmış Azərbaycanda “siyasi repressiyalarla” bağlı mif – “demokratik Arçax” və “avtoritar Azərbaycan”ın uyğunsuzluğunu isbat etmək məqsədi ilə yaradılmış uydurma fikir duman kimi dağıldı.

Prezidentin əfv fərmanları, Azərbaycan məhkəmələrinin vətəndaş cəmiyyəti nümayəndələrinin məhkəmə zalındaca azad edilməsi ilə bağlı müstəqil qərarları, QHT-lərin fəaliyyəti üçün bütün mümkün maneələrin aradan qaldırılması, hökumətin liberal iqtisadi islahatları və bir çox başqa hadisələr beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa, onu aldatmağa çalışanların planlarını alt-üst etdi.

Cənab sədr, sizin ölkəmizə xanım Mogerinin səfəri ilə üst-üstə düşən səfəriniz zamanı şahidi olduğunuz Azərbaycanın xarici siyasətdəki uğurları - Avropa İttifaqı ilə münasibətlərdə müsbət niyyəti, Vaşinqtondakı nüvə təhlükəsizliyi ilə bağlı sammitə Azərbaycan Prezidentinin səfəri zamanı ABŞ-ın liderləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın mövqeyinin rəsmi olaraq dəstəklənməsi faktlarını da bura əlavə etsək, onda görərik ki, regionda vəziyyətin qeyri-stabilləşməsi kimlərə sərf edir. Bölgənin od-alov içərisində olmasında, Cənubi-Şərqi, o cümlədən bütün Avropanın enerji təminatı və siyasi stabilliklə bağlı geostrateji planlarından birdəfəlik çıxarılmasında kimlər maraqlıdır.

Hər bir hərbi münaqişə, hər şeydən əvvəl, insan tələfatıdır. Bu gün ermənilərin təxribatları nəticəsində Azərbaycan və erməni əsgərlərin analarının gözləri yaşlı qalıb. Ermənistan hökumətinin avantürist hərəkətləri, süngü hesabına uzun müddət hakimiyyətdə qalmağın mümkünsüzlüyünü və günahsız öldürülənlərə, aldadılanlara görə gec-tez cavab verməli olacaqlarını başa düşmək istəməməsi nəticəsində gənc insanlar həyatlarını itirdilər.

Azərbaycan və erməni hərbçilərinin təmas xəttində dinc əhali ilə bağlı vəziyyətin diametral olaraq tərs mütənasib olması vəziyyəti daha da gərginləşdirir. Işğal olunmuş Azərbaycan rayonlarında işğalçılar tərəfdə dinc əhali yoxdur, ancaq Azərbaycan hərbçiləri tərəfdə sıx məskunlaşmış qəsəbələr və kəndlər var. Məhz onlar, dinc əhali; yaşlı insanlar, uşaqlar və qadınlar erməni güllələrinin qurbanına çevrilirlər. Cənab sədr, təkcə 2016-cı il aprelin 2-də erməni silahlı birləşmələri tərəfindən törədilən əməlləri sizin nəzərinizə çatdırırıq. Həmin gün dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb". 

Son xəbərlər

Orphus sistemi