Zakir Həsənov: "Şəhidlərimizin intiqamı alınır və bundan sonra da alınacaq"

Zakir Həsənov: "Şəhidlərimizin intiqamı alınır və bundan sonra da alınacaq" Müdafiə naziri Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib
Qarabağ
17 Mart , 2016 17:30
Zakir Həsənov: Şəhidlərimizin intiqamı alınır və bundan sonra da alınacaq

Bakı. 17 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.

Qədim tarixə və zəngin ənənələrə malik olan Novruz bayramı əsrlərdir ki, xalqımız tərəfindən böyük coşqu ilə qarşılanır. Milli birlik, həmrəylik, xeyirxahlıq, insansevərlik, dostluq və qardaşlıq kimi yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılayan bu bayram artıq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil olunub və dünyanın bir çox ölkələrində qeyd edilməkdədir. Bu, ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərimizin dünya miqyasında təbliği sahəsində apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindəndir.

Ümummilli lideri Heydər Əliyev milli dəyərlərimizin, milli ənənələrimizin qorunub saxlanılması və təbliğinə həmişə xüsusi önəm verib. Prezident, Ali Baş Komandan İlham Əliyev də bu gün Ulu Öndərimizin ənənələrini davam etdirərək Novruzun ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunması üçün səylərini əsirgəmir.

Silahlı Qüvvələrimizin şəxsi heyəti 2016-cı ilin Novruz bayramını böyük ruh yüksəkliyi ilə, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Qoşunların təmas xəttində hər gün atəşkəs rejiminin Ermənistan silahlı bölmələri tərəfindən pozulmasına, mövqelərimizin intensiv atəşə tutulmasına baxmayaraq, Azərbaycan əsgəri Vətənin keşiyində mərdliklə dayanıb, düşmən cavab atəşləri ilə susdurulur, canlı qüvvə və döyüş texnikaları sarıdan xeyli itkilər verir. Şəhidlərimizin intiqamı alınır və bundan sonra da alınacaq.

Xalqımız Vətənin igid, mübariz döyüşçülərinə güvənir, işğal altında olan torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyir.

Əziz Novruz bayramında şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbəsində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti Novruz bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, əsl bayram əhval-ruhiyyəsi, xidmətdə uğurlar arzulayıram.

Əmin olduğumu bildirirəm ki, biz birlikdə müdrik və qətiyyətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, ordu və xalqın birliyi ilə əzəli və əbədi torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik.

Böyük qələbəmizə inamla hər birinizin Novruz bayramını təbrik edirəm".

Son xəbərlər

Orphus sistemi