Bakı. 23 dekabr. REPORT.AZ/ Bakıda “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ Atı” animasiya filmlərinin və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqdimat mərasimi keçirilib. “Report” xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonunun tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Ağdam rayonuna virtual səyahətə çıxır.
Həmçinin vurğulanıb ki, tarixi təhriflərin qarşısının alınması məqsədilə xalq şairi Bəxtiyar Vahabzadənin eyniadlı şeiri əsasında çəkilən “Qarabağ Atı” animasiya filminin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır: “Eyni zamanda, “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsində əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır”.
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında qeyd edib ki, davamlı olaraq bu cür filmlər istehsal olunur: “Əsas məqsəd gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsidir”.
Çıxışdan sonra yeni filmlərə baxış keçirilib.