Prezident İlham Əliyev: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca təhdiddir”

Prezident İlham Əliyev: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca təhdiddir” ​“Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmalıdır”
Qarabağ
30 Sentyabr , 2014 14:49
Prezident İlham Əliyev: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca təhdiddir”

Bakı. 30 sentyabr. REPORT.AZ/ “Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitindəki çıxışında deyib. Prezident təəssüflə vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca təhdiddir: “Əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik daha yeddi rayonu iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan həmin qətnamələrə məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü əsasında həll edilməlidir. Təəssüf ki, Ermənistandakı mövcud diktator rejimi müasir dünyanın reallıqlarını ayıq-sayıq qiymətləndirmək və beynəlxalq hüquq normalarını adekvat qəbul etmək iqtidarında deyil. Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana qarşı mağara insanı səviyyəsində nifrət hissi yaymaqla, azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirməklə bu münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır”.

Azərbaycan prezidenti bildirib ki, Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün prioritet olaraq qalır: “Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir.

Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənilməsində sərmayədarlar kimi uğurla iştirak edirlər. Azərbaycan həm də Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisindən keçməklə neftin və neft məhsullarının tranzitini həyata keçirir. Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektroenergetika və nəqliyyat sahəsində də yaxşı perspektivlər vardır. Bu il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Azərbaycanda bərə terminalı istifadəyə verilib. Bu limanın yükaşırma qabiliyyəti birinci mərhələdə on milyon ton yük və ildə əlli min konteyner olacaq. İki ildən sonra həyata keçirilməsi planlaşdırılan üçüncü mərhələ başa çatandan sonra limanın yükaşırma qabiliyyəti 25 milyon ton yükə və bir milyon konteynerə bərabər olacaq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan həm də Xəzərdəki qonşularımızla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir: “Hesab edirik ki, Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin iştirakı və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmalıdır.

Sonda, heç şübhəsiz, bizim qarşımızda duran mühüm məsələlərin qəti həlli üçün Xəzəryanı dövlətlərin mövqelərinin daha da yaxınlaşmasına xidmət edəcək bu Sammitin təşkilinə görə Rusiya tərəfinə bir daha təşəkkürümü bildirirəm. Həmçinin əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna aid məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həllinə tərəfdar olduğumu təsdiq etmək istəyirəm”.

Son xəbərlər

Orphus sistemi