MM-in Komitə üzvü:"Azərbaycan erməni təxribatının qarşılığını siyasi, diplomatik və hərbi cəhətdən verməyə qadirdir"

MM-in Komitə üzvü:"Azərbaycan erməni təxribatının qarşılığını siyasi, diplomatik və hərbi cəhətdən verməyə qadirdir" "Bu, Azərbaycan və Türkiyə əsgərlərinin son aylar məlum təlimlərinə, taktiki tədbirlərinə qarşılıq vermək istəyi ilə əlaqəlidir"
Qarabağ
13 Noyabr , 2014 13:51
MM-in Komitə üzvü:Azərbaycan erməni təxribatının qarşılığını siyasi, diplomatik və hərbi cəhətdən verməyə qadirdir

Bakı. 13 noyabr. REPORT.AZ/ "Ermənilərin cavablarına, ittihamlarına baxmayaraq, ən mühüm cavabı Azərbaycan zabitləri, ordunun təmsilçiləri veriblər. Ona görə də erməni tərəfi bu cavabı informasiya müharibəsində ölkəmiz əleyhinə yönəltmək istəyir, Qarabağdakı erməniləri mənəvi-psixoloji qorxudan və xofdan çıxarmaq üçün müxtəlif vasitələrə əl atırlar".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan erməni təxribatının qarşılığını həm siyasi, həm diplomatik, həm də hərbi cəhətdən verməyə qadirdir: "Onsuz da Ağdam cəbhəsində və Qarbağın digər ərazilərində ermənilər həm coğrafi, həm də hava məkanının zəbti ilə məşğul olublar. Lakin qeyri-rəsmi olaraq təmas xəttində dayandıqları nöqtəni yarıb keçməmək, oradakı status-kvo şəraitinə əməl etmək mövqeyi vardı. Baxmayaraq ki, oraya sülhməramlı qüvvələr yerləşdirilməyib, amma 1994-cü ildən indiyə qədər yazılmamış və ya imzalanmamış səviyyədə bu prosesə əməl edirlər. Dünənə qədər kəşfiyyat ünsürlərini, diversiya qruplarını nə qədər ki, ərazilərimizə göndərirdilər, onlara qarşılıq verilirdi. Bu zaman erməni tərəfi itki verəndə, bunu müxtəlif bəhanələrlə Azərbaycan tərəfinin əməliyyatı kimi qələmə verirdilər. İndiki gerçəklikdə isə fakt inkar olunmaz səviyyədədir. Ermənilərin vertolyotları məlum manevrlər çərçivəsində Azərbaycan hərbi hissəsinin yerləşdiyi postların üstündə bir şou düzənləməyə çalışıblar. Bu, Azərbaycan və Türkiyə əsgərlərinin son aylarda keçirdiyi məlum təlimlərinə, taktiki tədbirlərinə qarşılıq vermək istəyi ilə əlaqəlidir".

Z.Oruc qeyd edib ki, hərbi qaydalara uyğun olaraq Azərbaycan tərəfi helikopteri vurmaqla düzgün addım atıb: "Hərbi qaydalara görə erməninin helikopteri məlum zolağı keçməsi yetərlidir ki, o, hansısa əməliyyata əl atmasa belə, Azərbaycanın Hərbi Hava Hücumundan müdafiə qüvvələri onu zərərsizləşdirsinlər. Bu, hava məkanını pozan dinc xarakterli təyyarələrə də aiddir".

O vurğulayıb ki, Azərbaycan erməni təxribatının qarşısını almaqla onlara zərbə vurub: "Dünənki hadisə ilə bağlı ATƏT-in Minsk qrupu da məlumat yaydı. Buradan görünür ki, Azərbaycan əleyhinə yararlanmağa xeyli cəhdlər olacaq, eyni zamanda, avqustda Ağdam cəbhəsində baş verənlərin təkrarlana biləcəyi, yaxud hərbi əməliyyatların daha da genişlənəcəyi və bunun qarşısı alınmaz proses halına gələcəyini deyənlər də olacaq. Amma unutmayaq ki, bu hadisə ilə ermənilərə maddi, mənəvi və psixoloji zərbə dəyib. Onlar bilirlər ki, Azərbaycanla rəqabət apara bilməzlər. Həmin helikopter Azərbaycan ordusuna zərbə endirsəydi, nəticədə itki versəydik, o halda hansısa sənədlərlə, bəyanatlarla silahlanmış olacaqdıq. Hər zaman atəşkəsin Azərbaycan tərəfindən şüurlu, məqsədli pozulmasının tərəfində olmuşam. Ermənilər anlamalıdırlar ki, yad torpaqdadırlar. Bu işğalla orada möhkəmlənə bilməzlər".

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunlarından açılan cavab atəşi nəticəsində qarşı tərəfin helikopteri vurulub.

Son xəbərlər

Orphus sistemi