İşçi Qrupunun rəhbəri: "Azərbaycana aid minlərlə eksponat torpaqların işğalı zamanı Ermənistana aparılıb"

İşçi Qrupunun rəhbəri: "Azərbaycana aid minlərlə eksponat torpaqların işğalı zamanı Ermənistana aparılıb" "Ermənilər üçün “nüfuzlu” bilinən şəxslərə hədiyyə edilib"
Qarabağ
5 Mart , 2015 13:35
İşçi Qrupunun rəhbəri: Azərbaycana aid minlərlə eksponat torpaqların işğalı zamanı Ermənistana aparılıb

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycana aid muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə, kolleksiyalarda, ibadət yerlərində, şəxsi mülklərdə qorunan minlərlə eksponat torpaqların işğalı zamanı Ermənistana aparılıb, bir qismi isə Almaniya, Fransa, ABŞ-ın iri şəhərlərində satışa çıxarılıb, ermənilər üçün “nüfuzlu” bilinən şəxslərə hədiyyə edilib. "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, deputat Xanhüseyn Kazımlı bu gün Bakıda keçirilən “İşğal altındakı abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” adlı konfransda bildirib.

O qeyd edib ki, araşdırmalar nəticəsində məlum olub ki, işğal altındakı abidələrdən təxminən 50 ədəd türbə, 67 məscid, 92 ziyarətgah, 106 ədəd məbəd, 262 tarixi abidə, 253 arxeoloji abidə, 39 qala və bu tipdən olan 32 körpü mövcuddur: "Bunların hər birinin beynəlxalq qiymətləndirmə əsasında və beynəlxalq ekspertlərin iştirakı ilə dəyərləndirilməsi üçün fəaliyyət planı hazırlanıb".

X.Kazımlı vurğulayıb ki, memarlıq abidələri içərisində ermənilər tərəfindən çox dağıntı və tələfatlara məruz qalan islam dini abidələridir: "Bura məscidlər, türbələr, ziyarətgahlar və digər inanc yerləri daxildir. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində fəaliyyət göstərmiş 67 müsəlman məscidinin Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8, ümumilikdə 63-ü dağıdılıb, 4 məscid isə yararsız hala salınıb. Beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində Ağdam Cümə Məscidinin, Şuşa şəhərindəki aşağı Gövhərağa , yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını qismən salamat saxlamaq mümkün olub”. İşçi Qrupunun rəhbəri deyib ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanın işğal altındakı ərazilərində dövlət qeydiyyatından kənarda qalmış daha 1500 İslam dini abidələri – məscidlər, pirlər, ziyarətgahlar, həmçinin qəbiristanlıq abidələri, o cümlədən türbələr, kurqanlar, siklop tipli memarlıq abidələri və antik qalalar mövcud olub. Onun sözlərinə görə, əldə olan informasiyalar sübut edib ki, həmin ərazilərdə İslam dininə məxsus abidələrin erməniləşdirilməsi, xrisitianlaşdırılması istiqamətində bir qrup terrorçu qruplaşmanın maraqlarına xidmət edən işlərin görülməsi davam edir.

X.Kazımlı bildirib ki, ermənilər dini etiqadlara qarşı daha bir amansızlıq nümayiş etdirərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı nifrətini nümayiş etdiriblər: “Onlar qəbiristanlıqların mərmər daşlarını söküb, formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın və Martuni qəsəbələrində inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbiristanlıq dağıdılıb, minlərlə qəbirlər tanınmaz hala salınıb”.

Son xəbərlər

Orphus sistemi