İslamabadda Xocalı soyqırımı ilə bağlı seminar keçirilib

İslamabadda Xocalı soyqırımı ilə bağlı seminar keçirilib Azərbaycanın müvəqqəti işlər vəkili Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumat verib
Qarabağ
26 Fevral , 2016 21:11
İslamabadda Xocalı soyqırımı ilə bağlı seminar keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı soyqrımının ildönümüylə bağlı İslamabad şəhərində Milli Müdafiə Universitetində “Xocalı soyqırımının 24-cü ildönümü: Dağlıq Qarabağ və Kəşmir münaqişəsinin perspektivi” adlı seminar keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, seminarı aparan COMSATS Universitetinin Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri, səfir Fovziya Nasrin fevralın 26-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımın dəhşətli insan hüquqları pozuntusu ilə müşayiət olunduğunu, soyqırıma dair videoya baxan seminar iştirakçılarının dərin ürək ağrısı hiss etdiyini bildirib.

Kayde-Əzəm Universitetinin professoru Nazir Hüseyn çıxışında Pakistanın Ermənistanla heç bir münasibət qurmadığını, daim Ermənistanın Azərbaycana təcavüzünü qınadığını, Pakistan Senatının Xocalı soyqırımını tanıdığını, Azərbaycan və Pakistanın Dağlıq Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb.

Xarici İşlər Nazirliyinin İƏT, Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə İdarəsinin direktoru İrfanulla Xan Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq münasibətlərinin təfsilatlarını izah edərək, Xocalı soyqırımını tanıyan Pakistan senatının qətnaməsinin, eləcə də Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi təmənnasız dəstəyin, Azərbaycanın da Kəşmir məsələsinin həllində Pakistanın haqq səsini müdafiə etməsinin bu münasibətlərdə mühüm yerə malik olduğunu vurğulayıb.

Azərbaycanın Pakistandakı müvəqqəti işlər vəkili Çingiz Qəribli bəşəriyyətə qarşı törədilən ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının Ermənistanın Azərbaycan türklərinə qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsi olduğunu izah edərək, Ermənistan prezidentinin “Soyqırıma qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırdıq" sözlərinin təcavüzkar siyasəti ifşa etdiyini nəzərə çatdırıb. O, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı təmənnasız dəstəkləməsinə və Pakistan Senatının Xocalı soyqırımını tanımasına görə Pakistan dövlətinə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi